Gələn il maaşlar nə qədər artacaq?

26.10.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarının da nəzərə alınması vacibdir.

İqtisadçı Xalid Kərimli “Bakupost”a bildirib ki, hökumət gələn il minimum əməkhaqqını təxminən 15 faiz artırmağı planlaşdıra bilər. Onun sözlərinə görə, son iki ildə orta aylıq əməkhaqqının artım tempi və inflyasiya göstəriciləri belə bir artım ehtimalını irəli sürməyə əsas verir.

İqtisadçı qeyd edib ki, minimum əməkhaqqı mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektləri üçün məcburidir. Yəni həm özəl, həm dövlət, həm də bələdiyyə sektorunda çalışan işçilərə şamil olunur. Bununla yanaşı, əməkhaqqı səviyyəsi sahələr üzrə ciddi fərqlənir. Mədənçıxarma sənayesi və maliyyə sektorunda əməkhaqları daha yüksək olduğu halda, kənd təsərrüfatı, ticarət, turizm, inzibati və yardımçı xidmətlər kimi sahələrdə orta aylıq əməkhaqqı 700-800 manat civarındadır. Bu səbəbdən minimum əməkhaqqının artırılmasının təsiri aşağı maaşlı sahələrdə daha çox hiss edilə bilər.

Xalid Kərimlinin sözlərinə görə, xüsusilə ixtisassız işçilər və minimum əməkhaqqı ilə çalışan şəxslər artımdan birbaşa faydalana bilərlər. Eyni zamanda, dövlət sektorunda vahid tarif cədvəli ilə əməkhaqqı alan işçilərin maaşlarına da dəyişiklik təsir göstərəcək. Minimum əməkhaqqı dəyişdikdə tarif cədvəlinin digər pillələrinin də yenidən hesablanması mümkündür.

İqtisadçı xatırladıb ki, minimum əməkhaqqı sonuncu dəfə 2025-ci il yanvarın 1-dən artırılıb. 2026-cı ilin fevralında qəbul edilən qanuna əsasən, hökumət minimum əməkhaqqı məbləğinə hər il ən azı bir dəfə baxmalıdır. Lakin bu, onun mütləq artırılması öhdəliyi demək deyil. Qərar qəbul edilərkən iqtisadi artım, məşğulluq, əmək məhsuldarlığı, orta aylıq əməkhaqqının dinamikası və manatın alıcılıq qabiliyyəti, yəni inflyasiya nəzərə alınmalıdır.

Xalid Kərimli bildirib ki, minimum əməkhaqqının artırılması təkcə dövlət büdcəsinə və dövlət sektoruna deyil, iqtisadiyyatın bütün sahələrinə, xüsusilə kiçik və orta biznesə təsir edir. Onun fikrincə, artımın həddindən artıq olması inflyasiyanı sürətləndirə, məşğulluğa mənfi təsir göstərə və qeyri-rəsmi məşğulluğun artmasına səbəb ola bilər. Buna görə də qərar qəbul edilərkən sahibkarların bu yükü qarşılamaq imkanları da qiymətləndirilməlidir.

İqtisadçı qeyd edib ki, 2025-ci ildə inflyasiya 5,2 faiz, 2026-cı ildə isə 5,7 faiz olub. 2027-ci ildə də inflyasiyanın təxminən 5,7 faiz səviyyəsində davam edəcəyi gözlənilir. Bununla yanaşı, orta aylıq əməkhaqqı 2025-ci ildə 9,3 faiz, 2026-cı ilin ilk yarısında isə 7,2 faiz artıb. Kərimli bu göstəricilərin minimum əməkhaqqının artırılması üçün əsas yaratdığını düşünür.

Onun fikrincə, minimum əməkhaqqının 10-15 faiz artırılması əhalinin, xüsusilə sosial baxımdan həssas qrupların alıcılıq qabiliyyətinin qorunmasına kömək edə bilər. Bununla belə, minimum əməkhaqqının 25, 30 və ya 50 faiz artırılması biznes üçün ağır yük yaradaraq işsizliyi və qeyri-rəsmi məşğulluğu artıra bilər. Buna görə də artımın həddi iqtisadi göstəricilərin kompleks təhlili əsasında müəyyənləşdirilməlidir.

Vüsalə Hüseynova,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью