Gələn il manatın taleyi necə olacaq? Sahil Babayev DANIŞDI

16.11.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qeyri-neft sektorunun inkişafı, özəl sektorun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin rifahının yüksəldilməsi, müdafiə və təhlükəsizlik potensialımızın gücləndirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi dövlət siyasətinin başlıca istiqamətləri olaraq qalır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında maliyyə naziri Sahil Babayev 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, qobal miqyasda müşahidə olunan qeyri-müəyyənliklər və xarici bazarlardakı dəyişkənliklər fiskal siyasətdə ehtiyatlı yanaşmanın, büdcə intizamının və dövlət maliyyəsinin dayanıqlılığının qorunmasını xüsusi aktuallıqla gündəmə gətirir.

"2027-ci il dövlət büdcəsi məhz bu prinsiplər və mövcud iqtisadi reallıqlar nəzərə alınmaqla hazırlanmışdır. Büdcə siyasətində əsas yanaşmamız iqtisadi inkişafın maliyyə təminatını yaratmaqla yanaşı, dövlətin sosial və strateji öhdəliklərini tam yerinə yetirmək, büdcə resurslarından istifadənin səmərəliliyini artırmaq və uzunmüddətli fiskal dayanıqlılığı qorumaqdır. 2027-ci ildə Azərbaycan Respublikasında ümumi daxili məhsulun real ifadədə 3,7 faiz artaraq 141 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

İqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində ÜDM-in 77,4 faizinin, yaxud 109,1 milyard manatının qeyri-neft sektorunun payına düşəcəyi gözlənilir. Bu göstərici 2026-cı ilin proqnozu ilə müqayisədə nominal ifadədə 9,1 milyard manat, real ifadədə isə 4,4 faiz çoxdur. Monetar və fiskal siyasətin sıx koordinasiyası nəticəsində növbəti ildə manatın məzənnəsinin sabit qalacağı, 1 ABŞ dollarının 1,7 manat təşkil edəcəyi, illik inflyasiyanın isə 5,3 faiz olacağı proqnozlaşdırılır. 2027-ci ildə dünya bazarlarında neftin bir barelinin orta satış qiymətinin 65 ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır. Beynəlxalq maliyyə bazarlarındakı dalğalanmalar nəzərə alınmaqla, neft qiymətinin müəyyən edilməsində mühafizəkar yanaşma əsas götürülür. Strateji ehtiyatlarımıza gəldikdə, cari ilin oktyabrın 1-nə ölkənin valyuta ehtiyatları 84,4 milyard dollar təşkil edib. Bu göstərici xarici dövlət borcunu təxminən 20 dəfə üstələyib. Ehtiyatların ÜDM-ə nisbətinin isə 10 faizədək artdığı qeyd olunur.

Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdən biridir. Belə yüksək ehtiyat səviyyəsi makroiqtisadi sabitliyin, milli iqtisadiyyatın dayanıqlılığının və xarici öhdəliklərin yerinə yetirilməsinin mühüm təminatıdır. Dövlət borcunun idarə edilməsi sahəsində də müsbət nəticələr əldə olunub. Cari ilin oktyabrın 1-nə dövlət borcu 23,9 milyard manat və ya illik ÜDM-in 17,3 faizi səviyyəsində olub. Dövlət borcunun 2026–2030-cu illərdə orta müddətli dövrdə ÜDM-in 20 faizindən aşağı səviyyədə saxlanılması nəzərdə tutulur. Borc portfelimizin 16,2 milyard manatını və ya ümumi borcun 68 faizini daxili dövlət borcu, 7,7 milyard manatını və ya 32 faizini isə xarici dövlət borcu təşkil edir. Dövlət borcunun strukturunda xarici bazar risklərinə həssaslığın azaldılması istiqamətində addımlar atılıb. Belə ki, dövlət istiqrazlarının orta ödəniş müddətinin 3,6 ilə çatdırılması, 7 və 10 illik istiqrazların borc portfelindəki payının 44 faizə yüksəldilməsi borc portfelinin keyfiyyətinin yaxşılaşdığını göstərir".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью