Icma.az, Sfera.az saytına istinadən bildirir. 2025-ci ildən Azərbaycanda minimum əməkhaqqının məbləğinin 400 manata çatdırılması gözlənilir.
Bununla hazırda 345 manat olan minimum əməkhaqqının 55 manat, yəni 16 faiz artırılması nəzərdə tutulur.
Sfera.az bildirir ki, minimum əməkhaqqının qeyd edilən məbləğləri maaş cədvəli (tarif cədvəli) üzrə müəyyən edilən məbləğlərdir və həmin vəsaitləri minimum maaş alanların heç biri əldə edə bilmir.
İşçinin əldə etdiyi məbləğ, maaşdan icbari ödənişlər tutulduqdan sonra qalan məbləğdir. Bu məbləğə isə xalis əməkhaqqı deyilir.
Hazırda minimum əməkhaqqının xalis məbləği, yəni işçiyə çatan hissəsi 305,7 manat və 315,87 manatdır.
Məbləğin fərqli olması əməkhaqqından tutulmaların sahələr üzrə fərqləndirilməsi ilə bağlıdır.
Qanunvericiliyə əsasən, əməkhaqqından tutulmalar dövlət və neft-qaz sektorundan bir cür, qeyri neft-qaz sektorundan və özəl sektordan başqa cür hesablanır.
Hazırda dövlət və neft-qaz sektorunda çalışanların xalis minimum maaşı 305,7 manat, digərlərindəki isə 315,87 manatdır.