Gələn ildən pensiya kapitalı nə qədər artırılacaq? İqtidsadçı deputat AÇIQLADI

27.10.2025

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Əmək pensiyaları" haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq".

Moderator.az xəbər verir ki, bu fikirlər iqtisadçı-deputat Vüqar Bayramovun sosial şəbəkə səhifəsindəki şərhində yer alıb.

O bildirib ki, həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq.

"Pensiya kapitalının nə qədər artırılacağına gəldikdə isə Mərkəzi Bank (MB) 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş edib. MB-də bu il Azərbaycanda qiymətlərin 6 faiz artacağını proqnozlaşdırırlar. Dövlət Statistika Komitəsinə görə, bu ilin ilk 9 ayında istehlak qiymətləri indeksi 5.7 faiz olub.

Bu o deməkdir, mövcud qanuna əsasən, Mərkəzi Bankın proqnozunda kənarlaşma olmasa, vətəndaşların pensiya kapitalı təxminən 6 faiz artırılacaq. Yəni, bu halda əgər vətəndaşımızın 50 min manat pensiya kapitalı varsa, onun vəsaiti gələn il təxminən 3 min manat artırılacaq. Təbii ki, daha konkret rəqəm yanvar ayında elan olunacaq. Bu artım vətəndaşlarımız pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımdan vacibdir", - deyə V.Bayramov qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью