Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son illər ailə münasibətlərinə təsir edən amillər arasında maddi çətinliklər də müzakirə olunur.
Gəlirlərin ailənin ehtiyaclarını qarşılamaqda yetərli olmaması, borclar və gündəlik xərclərlə bağlı yaranan fikir ayrılıqları həyat yoldaşları arasında münaqişələrə səbəb ola bilər.
Bəs maddi problemlər ailələrin dağılmasında nə dərəcədə rol oynayır?
Sosioloq Mail Yaqub AZXEBER.COM-a açıqlamasında bildirib ki, maddi problemlərin boşanmalara təsiri olsa da, bu, ayrılıqların əsas səbəbi deyil:
"Maddi problemlərin ailələrin dağılmasına təsiri var, amma bu, boşanmaların əsas səbəbi deyil. Yəni boşanan ailələrin böyük əksəriyyəti maddi problemlərə görə ayrılmır. Maddi problemlərə görə boşanan ailələr də var, lakin onlar əksəriyyəti təşkil etmir. Boşanan ailələrin böyük əksəriyyətində mənəvi və psixoloji problemlər olur. Yəni xanım və bəy bir-birinə qarşı güzəştə getmək, fədakarlıq etmək, məsuliyyət götürmək istəmirlər. Hər kəs günahı qarşı tərəfdə görür, özündə günah axtarmaq istəmir”.
Sosioloq gəlin-qaynana münasibətlərindəki problemlərin də ailədaxili münaqişələrə təsir etdiyini vurğulayıb:
"Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var. Burada da hər kəs özünü haqlı hesab edir. İnsanların eqoizmi boşanmalara səbəb olur. Eqoizm fədakarlığın tam əksidir, güzəştin tam əksidir”. Mail Yaqub boşanmaların sayının azaldılması üçün ailə münasibətləri ilə bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edib.
"Bu gün Azərbaycanda boşanmaların qarşısını almaq istəyiriksə, bu istiqamətdə iş aparmalıyıq. Təlimlər keçirməli, verilişlər hazırlamalı, sosial şəbəkələrdə maarifləndirici kontent paylaşmalıyıq. Ailə psixologiyası, ailə əxlaqı və ailədaxili münasibətlərin necə qurulması barədə insanlara məlumat verməliyik. Əgər bunu davamlı şəkildə bir, iki, üç il etsək və dövlət də bu layihələrə dəstək versə, Azərbaycanda boşanmaların faiz nisbətini azaltmaq olar”.
Fəridə Əsədzadə