Gənc alimlər işıqlı gələcəyi inşa edən insan kapitalı

02.02.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 2 fevral, AZƏRTAC

Fevralın 2-də Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Batabat Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş “Gənc alimlər – işıqlı gələcəyi inşa edən insan kapitalı” adlı tədbir keçirilib.

Rəsədxanadan AZƏRTAC-a bildirlib ki, tədbirdə hər iki elmi təşkilatın struktur bölmə rəhbərləri, elmi və texniki heyəti iştirak edib.

Tədbirin açılışında Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək Gənclər Gününün ölkədə gənclərin cəmiyyət həyatında rolunun dövlət səviyyəsində tanınmasının göstəricisi olduğunu vurğulayıb. O, elmi müəssisələrdə gənc kadrların hazırlanmasının, onların elmi fəaliyyətə cəlb olunmasının və davamlı elmi mühitin formalaşdırılmasının strateji əhəmiyyət daşıdığını qeyd edib.

Namiq Cəlilov çıxışında, həmçinin Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün də uğurla davam etdirilən gənclər siyasətinin əsas hədəflərindən birinin gənclərin potensialının üzə çıxarılması və düzgün istiqamətləndirilməsi olduğunu bildirib. O, bu prosesdə elmi-tədqiqat institutlarının və digər dövlət qurumlarının institutsional dəstəyinin xüsusi rol oynadığını vurğulayaraq, gənclər üçün yaradılan mühitin onların intellektual və peşəkar inkişafına birbaşa təsir göstərdiyini diqqətə çatdırıb.

Batabat Astrofizika Rəsədxanasının direktoru Ruslan Məmmədov çıxışında gənc alimlərin elmi potensialının üzə çıxarılmasının müasir dövrdə elmin inkişafı üçün əsas amillərdən biri olduğunu bildirib. O, elmi müəssisələr arasında əməkdaşlığın, təcrübə mübadiləsinin və gənclərin bu proseslərdə fəal iştirakının vacibliyini diqqətə çatdırıb.

Sonra Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Şamaxı Astrofizika Rəsədxanasının İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Salehli “Gənclik – dayanıqlı inkişaf naminə cəmiyyətin strateji resursu” mövzusunda çıxış edib. O, gənclərin elmi düşüncəsinin formalaşmasının cəmiyyətin uzunmüddətli inkişafında mühüm rol oynadığı, elmi əsaslı yanaşmaların gələcək qərarların keyfiyyətini müəyyən etdiyini vurğulayıb. Natiq, həmçinin elmi müəssisələrdə nəsillərarası bilik ötürülməsinin əhəmiyyətinə toxunaraq, gənc alimlərin formalaşmasında təcrübəli mütəxəssislərin rolunu xüsusi qeyd edib. O, gənclərin təşəbbüskarlığının və yenilikçi baxışlarının mövcud elmi ənənələrlə uzlaşdırılmasının elmin davamlı inkişafını təmin edən əsas amillərdən biri olduğunu bildirib.

Rəsədxananın Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli “Rəsədxanadan auditoriyaya: gənc alimlərin elmi təcrübə və perspektivləri” mövzusunda məruzə edib. O, gənc alimlərin elmi fəaliyyət zamanı qazandıqları praktiki təcrübənin onların peşəkar inkişafında və elmi nəticələrin geniş auditoriyaya çatdırılmasında əhəmiyyətini qeyd edib, eyni zamanda, gənclərin elmi mühitdə aktivliyinin artırılmasının vacibliyini vurğulayıb.

Batabat Astrofizika Rəsədxanasının elmi işçisi Vəfa Qurbanova isə “Gənclik perspektivindən müasir inkişaf modellərinə multidissiplinar baxış” mövzusunda çıxış edərək müasir problemlərin həllində müxtəlif elmi sahələrin inteqrasiyasının vacibliyindən danışıb, gənc tədqiqatçıların bu prosesdə çevik və adaptiv yanaşma nümayiş etdirməsinin əhəmiyyətinə diqqət çəkib.

Sonda Şamaxı Astrofizika Rəsədxanasının astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə və Batabat Astrofizika Rəsədxanasının elmi işçisi Ülvü Vəliyev gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью