Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 oktyabr, AZƏRTAC
"İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında keçirilən 4-cü beynəlxalq konfransda iştirak edən AMEA Arxeologiya və Antropologiya İnstitutunun gənc əməkdaşlarının məhkəmə antropologiyası və osteoloji identifikasiya kimi fundamental və multidissiplinar elmi istiqamətlərdə apardıqları tədqiqatlar beynəlxalq akademik ictimaiyyətin diqqətini cəlb edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans çərçivəsində Ankara Universitetinin rektoru Necdet Ünüvar Arxeologiya və Antropologiya İnstitutunun gənc əməkdaşları ilə xüsusi görüş keçirib.
Necdet Ünüvar müharibə dövründə itkin düşmüş vətəndaşların identifikasiya işində gənc alimlərimizin elmin inkişafına verdikləri töhfələri, beynəlxalq platformalarda sərgilədikləri peşəkar elmi mövqeyi və qazandıqları yüksək etimadı xüsusi vurğulayıb.
Rektor qlobal əhəmiyyət daşıyan bu mürəkkəb və həssas sahədə aparılan elmi-tədqiqat işlərini yüksək qiymətləndirərək, institutun əməkdaşları Arif Quliyev, Aliyə Adıgözəlova və Ülkər Allahverdiyevaya Ankara Universitetinin rəsmi döş nişanını təqdim edib. Bu mükafat aparılan mühüm elmi işlərin təqdir olunduğunu, gənc alimlərə beynəlxalq səviyyədə verilən yüksək dəyəri göstərir.