Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Payızın sonu olmasına baxmayaraq, günəş öz isti şöləsi ilə ətrafı nura boyayırdı. Bunu fürsət bilib üz tutduq istedadlı bir gəncin füsunkar səsini dinləməyə, istedadının şahidi olmağa.
Bir saatlıq yoldan sonra gəlib Şabran şəhər Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə çatdıq, bizi gülərüzlə qarşıladılar. Mətbuat nümayəndələrinin iştirakı gənc muğam ifaçısı Yusif Adıgözəlovu bir az həyəcanlandırsa da, o, öz ifasının öhdəsindən layiqincə gəldi.
Azərbaycan muğam sənətinin zəngin ənənələrini yaşadan gənc ifaçının konsert proqramı musiqisevərlərə xoş anlar bəxş etdi.
Konsert zamanı gənc sənətçi Azərbaycan muğamının ən qədim və möhtəşəm nümunələrindən biri olan Rast muğamını ifa etdi. İfaçının səsindəki duyğu, muğamın incə çalarlarına həssas yanaşması və səhnə mədəniyyəti dinləyicilərin diqqətini cəlb etdi.
Rast muğamının ifası zamanı Azərbaycan milli musiqisinin dərin fəlsəfəsi, ruhu və gözəlliyi bir daha özünü büruzə verdi. Yusif Rast muğamının 15 hissəsini və hər hissəyə uyğun bir mahnı ilə tamaşaçılara zövqlü anlar yaşatdı. Gənc ifaçının təqdimatı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Sənətçi çıxışı zamanı bu sənətin sirlərini ona öyrədən, muğamın incəliklərinə yiyələnməsində böyük zəhməti olan müəllimlərinə xüsusi təşəkkürünü bildirib.
O, qazandığı bilik və təcrübəyə görə müəllimlərinə minnətdar olduğunu vurğulayaraq, onların əməyini hər zaman yüksək qiymətləndirdiyini ifadə etdi.
Bu məqam bir daha göstərdi ki, muğam sənətinin yaşadılması yalnız istedad deyil, həm də ustadların zəhməti, səbir və sənətə bağlılıq sayəsində mümkündür.
Gənc ifaçının bu konserti milli musiqi irsimizə sevginin, ustad-şagird ənənəsinin və muğam sənətinə sədaqətin gözəl təzahürü kimi yadda qalıb. Onun ifası gələcəkdə də bu qədim sənətin yaşadılacağına və yeni nəsillərə ötürüləcəyinə inam yaratdı.
Sonda Şabran RİH-nin müavini İlkin Ağayev, Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva və başqaları çıxış edərək Yusif Adıgözəlova uğurlar dilədilər və hədiyyələrlə mükafatlandırdılar.
Gülxar Rəhimli, AYB-nin üzvü,
Xaçmaz.