Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tayvanda 27 yaşlı kişinin meyiti yaşayış binasının eyvanında yerləşən paltaryuyan maşının içərisində tapılıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, meyiti səhər saatlarında mənzil sakinlərindən biri eyvana çıxarkən aşkar edib.
Hadisə yerinə gələn tibbi heyət kişinin bir müddət əvvəl öldüyünü müəyyənləşdirib. Polis mənzildə və ətraf ərazidə araşdırma aparıb, müşahidə kameralarının görüntülərini yoxlayıb və qonşuları dindirib. İlkin baxış zamanı zorakılıq əlamətləri və mənzilə kənar şəxslərin daxil olmasına dair iz aşkarlanmayıb.
Məlumata görə, Çen soyadlı mərhum əvvəllər mağazada işləyib, lakin sonradan işini itirib. Narkotik maddələrdən istifadə ilə bağlı problemlər səbəbindən yaxınları ilə münasibətləri pisləşib və o, evsiz qalıb. Daha sonra keçmiş iş yoldaşı ilə birlikdə mənzil kirayələyiblər.
Mənzildə aparılan axtarış zamanı narkotik maddələr və onlardan istifadə üçün nəzərdə tutulan ləvazimatlar aşkarlanıb. İstintaq mərhumun hadisə zamanı anlaqsız vəziyyətdə ola biləcəyi ehtimalını da araşdırır.
Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib. Mərhumun qardaşı bildirib ki, ailəsi onunla beş il ərzində əlaqə saxlamayıb və həyatından xəbərsiz olub.
Ölümün dəqiq səbəbi ekspertizanın nəticələrindən və davam edən araşdırmadan sonra məlum olacaq.