“Gənc şəhərlilər” “Zirə”nin eston rəqibi

17.07.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Zirə” Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın “Paide” komandası ilə qarşılaşacaq.

Meistriliqa təmsilçisinin əsası 2004-cü ildə qoyulub. Klubun ləqəbi “Linnameeskond” – “şəhər komandası”dır. 2009-cu ildən elitada çıxış edən “Paide” hələ o vaxtdan aşağı liqaya düşməyib.

2017-ci ildən peşəkar statusu alan “şəhər komandası” gənc olmasına baxmayaraq, artıq iki titul da qazanıb. “Paide” 2021/22 mövsümündə ölkə kubokunu əldə edib, 2022/23 “futbol ili”ndə isə “Flora”ya qalib gələrək Superkubokun qalibi olub.

“Mavi-ağlar” dünya futboluna da adını yazdırmağı bacarıb. Komanda 2015-ci ildə Estoniya kubokunda “Raudteetöölised” kollektivinə 31:0 hesabıyla qalib gəlməklə diqət çəkib.

22 yaşlı “şəhər komandası” avrokuboklarda da müəyyən təcrübəyə sahibdir. “Paide”nin beynəlxalq arenada ən böyük uğuru 2022/23 mövsümündə Konfrans Liqasında III təsnifat mərhələsinə qədər irəliləmək olub.

Komandanın “transfermarkt”da dəyəri 3.65 milyon avrodur. “Paide”nin ən bahalı futbolçusu 21 yaşlı yarımmüdafiəçi Oskar Homdur. Onun qiyməti 350 min avro göstərilib. Qeyd edək ki, “Zirə”nin “transfermarkt”da dəyəri 12.45 milyon avrodur.

“Mavi-ağlar”a Tarmo Kink rəhbərlik edir. Mütəxəssis bu ilin aprelindən komandanın “sükanı arxasındadır”. “Paide” davam edən Estoniya çempionatında 19 turdan sonra 32 xalla 4-cü sıradadır və lider “Levadiya”dan 14 xal geri qalır.

“Şəhər komandası” Konfrans Liqasında I təsnifat mərhələsində Latviyanın “Hegelmann” kollektivini üstələyib – 1:1, 3:0.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью