Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
25-30 yaşlarında saçların, saqqalın və gicgahların ağarması genetik xüsusiyyətlərlə yanaşı, orqanizmdəki bəzi problemlərin də əlaməti ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, “Doctor” telekanalının eksperti, trixoloq, kosmetoloq və dermatoloq Diana Vurzel “Gazeta.Ru”ya açıqlamasında bildirib ki, saçların vaxtından əvvəl ağarmasının əsas səbəbi irsiyyətdir. Əgər insanın ata və ya babasında saçlar erkən yaşlarda ağarıbsa, bu xüsusiyyətin onda da müşahidə olunma ehtimalı yüksəkdir.
Mütəxəssisin sözlərinə görə, saçların ağarmasını sürətləndirən xarici amillər də mövcuddur. Bunlardan biri uzunmüddətli stressdir. Tez-tez yaşanan emosional gərginlik saçlara rəng verən piqmentin istehsalında iştirak edən melanositlərə mənfi təsir göstərə bilər.
Bundan başqa, orqanizmdə B12 və B6 vitaminlərinin, sink və dəmirin çatışmazlığı da saçların vaxtından əvvəl ağarması ilə əlaqəli ola bilər. Bəzi hallarda bu vəziyyət dəmir çatışmazlığı anemiyası ilə bağlı olur.
Diana Vurzel qeyd edib ki, saçların erkən ağarması qalxanabənzər vəzinin fəaliyyətindəki pozuntular, hormonal disbalans və xroniki autoimmun xəstəliklərlə də əlaqəli ola bilər.
Həkim bildirib ki, saçların ağarması ilə yanaşı, zəiflik, başgicəllənmə, həddindən artıq tərləmə və ya qan təzyiqində dəyişikliklər müşahidə edilərsə, bu əlamətlər diqqətdən kənarda qalmamalıdır. Belə hallarda həkim məsləhəti ilə qalxanabənzər vəzinin hormonlarının, qlükozanın və digər qan göstəricilərinin yoxlanılması məqsədəuyğundur.
Mütəxəssis ilkin mərhələdə terapevtə, endokrinoloqa və ya hematoloqa müraciət etməyi tövsiyə edib. Baş dərisində səpgilər, kəpək, qaşınma və yanma hissi yarandıqda isə dermatoloqun müayinəsi vacibdir.
Ekspertin sözlərinə görə, saçların ağarmasını yavaşlatmaq üçün ilk növbədə problemin səbəbini müəyyənləşdirmək lazımdır. Bunun üçün trixoloq müayinəsi, ətraflı tibbi tarixçənin araşdırılması və zəruri analizlərin aparılması tövsiyə olunur.
Xüsusilə saçlar qısa müddətdə sürətlə ağarırsa və ya bu proses saç tökülməsi ilə müşayiət olunursa, həkimə müraciəti gecikdirmək olmaz. Baş dərisində dairəvi və ya lokal saç tökülməsi sahələrinin yaranması da mütəxəssis müayinəsini tələb edir.
Qeyd edək ki, saçların vaxtından əvvəl ağarması həmişə xəstəlik əlaməti deyil. Bununla belə, qəfil başlayan və sürətlə irəliləyən dəyişikliklərin səbəbini müəyyənləşdirmək üçün tibbi müayinədən keçmək tövsiyə olunur.
Murad İsmayıl