Gəncə Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib

29.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gəncə Ağsaqqallar Şurasının illik hesabat yığıncağında Şuranın hesabat dövründə gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov, Gəncə Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər.

Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev çıxışında ağsaqqalların cəmiyyət həyatındakı rolundan, milli-mənəvi dəyərlərin qorunmasına və nəsillər arasında əlaqələrin möhkəmləndirilməsinə verdikləri töhfədən danışıb.

Sonra Gəncə Ağsaqqallar Şurasının hesabat məruzəsi dinlənilib. Bildirilib ki, hesabat dövründə gənclərin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlər keçirilib, şəhid ailələri və qazilərlə, həmçinin təhsil müəssisələrində tələbə və şagirdlərlə görüşlər təşkil olunub. Şəhərin ictimai həyatına dair bir sıra məsələlərlə bağlı təşəbbüs və təkliflər də irəli sürülüb.

Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov Gəncə Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirib, ağsaqqalların ictimai-sosial həyatda mühüm yer tutduğunu vurğulayıb. Digər çıxışlarda da onların ictimai fəallığının artırılmasının əhəmiyyəti qeyd olunub.

Yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevin 75 illik yubileyi münasibətilə Gəncə də daxil olmaqla 12 şəhər və rayon təşkilatının hazırladığı birgə təbrik ünvanı Bayram Yusifova təqdim edilib.

Sonda Şuranın fəaliyyətində fərqlənən bir qrup şəxs “Təşəkkürnamə” ilə təltif olunub.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью