Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6 cı ildönümü qeyd olunub

06.11.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində Azərbaycan tarixinə qızıl hərflərlə yazılan və ölkəmizin parlaq Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar yığıncaq keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə müəssisənin rəhbərliyi ilə yanaşı, bu Qələbədə birbaşa pay sahibi olan, həmin çətin anlarda vətəndaşlıq borclarını şərəflə yerinə yetirmək üçün ordu sıralarına yollanan əməkdaşlar, həmçinin Birinci Qarabağ müharibəsində döyüşmüş işçilər də iştirak ediblər.

Tədbir Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Birliyin direktor müavini Bağban Nəbiyev çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sona qədər qəhrəmancasına mübarizə apararaq torpaqlarımızı erməni işğalından azad etməsini böyük tarixi hadisə adlandırıb.

“Bu gün biz Zəfərimizin 6 illiyini böyük fəxrlə və sevinclə qeyd edirik. Nəhayət ki, 30 il sonra dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını azad etdi. Burada oturan hər kəs göz qırpmadan, çəkinmədən Vətənin müdafiəsi və torpaqların yadellilərdən təmizlənməsi üçün Ali Baş Komandanın savaş çağırışına qoşuldu. Bəziləri səngərlərdə, bəziləri isə burada - arxa cəbhədə qələbəmizin qazanılması üçün gecə-gündüz var gücü ilə çalışdı. Zavodumuzun kollektivi müharibə başlanan gündən şəhərimizin Ermənistan tərəfindən bombalanmasına və atəşə tutulmasına baxmayaraq, üç növbədə fəaliyyətini davam etdirdi, orduya əlimizdən gələn köməyi göstərdi. Bununla qürur duyuruq”, – deyə B.Nəbiyev əlavə edib.

Tədbirdə 44 günlük müharibənin xronikasına həsr olunan “Zəfərə aparan yol” adlı sənədli film nümayiş etdirilib.

Sonra çıxış edən Birliyin mətbuat katibi Məqsəd Rəhimov 44 günlük Vətən müharibəsinin hər bir azərbaycanlı üçün qürur nümunəsi olduğunu bildirib. Qeyd olunub ki, həmin günlərdə Gəncənin, digər şəhər və rayonlarımızın, dinc əhalinin Ermənistan tərəfindən dəfələrlə bombalanmasına və raket zərbələrinə məruz qalmasına baxmayaraq, heç kimin əzmi qırılmayıb, hər kəs cəbhəyə, müharibəyə dəstək göstərib. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində rəhbərlik başda olmaqla, bütün kollektiv əl-ələ verərək öz vəzifə borcunu yerinə yetirib. Məqsəd Rəhimov, həmçinin vurğulayıb ki, minlərlə şəhid və qazinin qanı bahasına əldə olunan Zəfər Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılıb və bu gün biz onlara minnətdarıq.

Tədbirdə çıxış edən Birliyin direktor müavini, Birinci Qarabağ müharibəsinin iştirakçısı Qafur Əhədli və zavodda texnoloq-paylayıcı vəzifəsində çalışan, 44 günlük Vətən müharibəsinin qazisi, ehtiyatda olan zabit Xəyal Qurbanov bütün qazilər, veteranlar və müharibə iştirakçıları adından müəssisə rəhbərliyinə diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib. Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz gündən-günə inkişaf edib, yerli hərbi mütəxəssislər yetişdirilib. Müasir müharibə metodlarını mənimsəyən hərbçilərimizin bilik və bacarıqları, əsgər və zabitlərimizin mərdliyi, torpaqlarımızı azad etmək istəyi nəticəsində bütün xalqımız “Dəmir yumruq” ətrafında birləşərək düşmənin başını əzib.

Sonda Birliyin direktor müavini Bağban Nəbiyev bir daha Zəfər Günü münasibətilə veteranları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O vurğulayıb ki, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi veteranları, qazilər və şəhid ailələri daim dövlətimizin, Prezidentimizin diqqət və qayğısı ilə əhatə olunublar. Müəssisənin veteranları və qaziləri də daim rəhbərliyin diqqətindədir. Bu böyük sevinci və qüruru xalqımıza bəxş edən insanlar tarixin yaddaşında daim hörmətlə anılacaqlar.

Zəfər Günü münasibətilə müəssisənin bütün qaziləri, veteranları və müharibə iştirakçıları mükafatlandırılıblar.

Sonda veteranlarla və qazilərlə xatirə şəkli çəkdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью