Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Nizami Gəncəvi-885
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illik yubileyi onun doğma şəhəri Gəncədə beynəlxalq səviyyədə qeyd olunacaq. Oktyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq Elmi Konfrans keçiriləcək.
Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə hazırlanan mötəbər elmi məclisi AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzi, Azərbaycanın Türkiyə və Özbəkistandakı səfirlikləri nəzdində mədəniyyət mərkəzləri təşkil edir. Konfransı keçirməkdə məqsəd dünya ədəbiyyatı və fəlsəfi fikir tarixində silinməz iz qoymuş böyük Azərbaycan şairinin zəngin yaradıcılıq irsini müasir elmi yanaşmalar əsasında araşdırmaq, əsərlərinin Azərbaycan və dünya ədəbiyyatında, bəşəri estetik düşüncədə, tarix və mədəniyyətdə tutduğu yeri bir daha dəyərləndirmək, müxtəlif ölkələrin nizamişünas alimləri arasında elmi əməkdaşlığı genişləndirməkdir.
Beynəlxalq konfransa göstərilən maraq olduqca böyükdür. Belə ki, təşkilat komitəsinə, ümumilikdə, 284 elmi məqalə təqdim edilib. Onlardan 251-i müəyyən olunmuş elmi və texniki tələblərə uyğun hesab edilərək qəbul olunub. Konfransın diqqətçəkən cəhətlərindən biri də onun geniş beynəlxalq coğrafiyanı əhatə etməsidir. Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Pakistan, İran, Hindistan, Livan və Litvadan olan alim və tədqiqatçılar Nizami Gəncəvinin həyat və yaradıcılığına dair elmi araşdırmalarını təqdim ediblər.
Eyni zamanda, Bakı, Lənkəran, Şəki, Şamaxı, Qazax, Xankəndi, Şirvan və ölkəmizin digər şəhər və rayonlarından olan tədqiqatçıların məqalələri də konfrans materiallarına daxil edilib. Artıq konfrans materialları ümumi həcmi 1250 səhifə olan 4 cilddə nəşr edilib.
Bu nəşrlər Nizami irsinin müxtəlif istiqamətlər üzrə öyrənilməsi baxımından mühüm elmi mənbə kimi qiymətləndirilir. Kitabların çap və elektron variantlarının konfrans günü iştirakçılara təqdim olunması nəzərdə tutulur. Elektron nəşrlər internet resurslarında da yerləşdiriləcək. Beynəlxalq elmi tədbirin plenar və bölmə iclaslarında “Nizami Gəncəvi və Türk dünyası”, “Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Nizami Gəncəvi və dünya ədəbiyyatı”, “Nizami Gəncəvi yaradıcılığında din və irfan”, “Nizami Gəncəvi və incəsənət”, “Nizami Gəncəvi yaradıcılığında bəşərilik və birgəyaşayış məfhumu”, “Nizami Gəncəvi: Sələflər və xələflər”, eləcə də “Müasir rəqəmsal elmi mühitdə nizamişünaslığın yeni tədqiqat istiqamətləri” mövzularında məruzələr dinləniləcək, elmi müzakirələr aparılacaq.
Nizami Gəncəvinin 885 illik yubileyinə həsr edilən bu beynəlxalq elmi toplantı təkcə böyük mütəfəkkirin zəngin irsinə ehtiram deyil, həm də onun doğma yurdu Gəncənin dünya elmi və mədəni mühitindəki mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm hadisə olacaq.
Əlimuxtar MUXTAROV,
AMEA Gəncə Bölməsinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru