Gəncə Dövlət Kukla Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək

20.10.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə Dövlət Kukla Teatrı növbəti dəfə Azərbaycan teatr sənətini beynəlxalq səviyyədə təmsil etməyə hazırlaşır. Teatrın yaradıcı kollektivi bu məqsədlə  Qazaxıstan Respublikasına yola düşüb və orada yüksək səviyyədə qarşılanıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Kukla Teatrı oktyabrın 21-dən 24-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək IV Beynəlxalq “Almaty Puppet Festival” festivalında iştirak edəcək.

Müxtəlif ölkələrin kukla teatrlarını bir araya gətirəcək nüfuzlu sənət tədbirində Gəncə teatrı dünya uşaq ədəbiyyatının sevilən nümunələrindən olan “Çəkməli Pişik” tamaşasını təqdim edəcək.

Azərbaycanın zəngin teatr ənənələrinin və kukla sənətinin beynəlxalq miqyasda tanıdılması baxımından əhəmiyyət daşıyan bu səfərə respublikanın Əməkdar artisti, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev rəhbərlik edir.

Festivalda nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Şamil Məmmədli, quruluşçu rəssamı Əntiqə Bədirova, dekorativ rəssamı isə Məhəmməd Hacıyevdir.

Səhnə əsərində aktyorlar Səməd Xanəhmədov, Nahidə Namazova, Zülfiyyə Əliyeva, Yeganə Məmmədova, Nərmin Şərifova və Saleh Cümşüdlü çıxış edəcəklər.

Gəncə Dövlət Kukla Teatrının beynəlxalq festivalda iştirakı yalnız bir tamaşanın xarici ölkədə nümayişi deyil, həm də Azərbaycan mədəniyyətinin, milli teatr məktəbinin və Gəncənin sənət ənənələrinin dünyaya təqdim olunması baxımından mühüm hadisədir.

İnanırıq ki, Gəncəli sənətçilər Almatı səhnəsində də öz peşəkarlıqları və yaradıcılıq məharətləri ilə tamaşaçıların rəğbətini qazanacaq, Azərbaycan teatr sənətini layiqincə təmsil edəcəklər.

Gəncə Dövlət Kukla Teatrının kollektivinə uğurlar arzulayırıq!

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri
Gəncə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью