Gəncə idmanının beynəlxalq uğurları davam edir

30.09.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gəncəli idmançılar və idman mütəxəssisləri beynəlxalq arenada növbəti uğurlara imza atıblar. Kikboksinq üzrə Dünya Çempionatında Anar Məmmədov “Ən yaxşı hakim” seçilib, boksçu Nəbi İsgəndərov isə Avropa çempionatının bürünc medalını qazanıb.

Sentyabrın 18-dən 27-dək İtaliyanın Jesolo şəhərində keçirilən Kikboksinq üzrə Dünya Çempionatında Gəncəni təmsil edən WAKO-nun beynəlxalq “A” dərəcəli hakimi, Qərb Regionunun sədri Anar Məmmədov yüksək peşəkarlığı ilə fərqlənib. O, çempionatın “Ən yaxşı hakim”-“Best Referee” nominasiyasına layiq görülüb.

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən kişilər arasında Boks üzrə Avropa Çempionatında isə “Təhsil” RİM PHŞ-nin Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Nəbi İsgəndərov uğurla çıxış edib. 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı turniri üçüncü pillədə başa vuraraq bürünc medal qazanıb.

İdmançıların və hakimin bu uğurları münasibətilə sentyabrın 30-da Heydər Əliyev Park-Kompleksində, Zəfər Tağının qarşısında görüş keçirilib. Görüşdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, “Təhsil” RİM PHŞ-nin 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru, Olimpiya çempionu, “Şöhrət” ordenli Ramin Qasımov, 2 nömrəli məktəbin direktoru, Əməkdar bədən tərbiyəsi və idman xadimi Asif Həsənov, eləcə də idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Görüşdə Anar Məmmədovun və Nəbi İsgəndərovun beynəlxalq arenada qazandıqları nəticələr yüksək qiymətləndirilərək onların uğurlarının Gəncənin və Azərbaycanın idman şöhrətini yüksəltmək baxımından əhəmiyyəti vurğulanıb.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri
Gəncə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью