Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın qədim şəhəri Gəncə ilə Qırğızıstanın qədim mədəniyyət mərkəzlərindən olan Oş artıq rəsmi olaraq qardaş şəhərlərdir.
Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 30-da Qırğızıstana dövlət səfəri çərçivəsində iyulun 31-də iki ölkə arasında mühüm sənədlərin mübadiləsi mərasimi keçirilib. Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə imzalanan sənədlər arasında Gəncə ilə Oş şəhərlərinin qardaşlaşmasına dair Anlaşma Memorandumu da xüsusi yer tutub.
Memorandumu Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov və Oş şəhərinin meri Janar Akayev mübadilə ediblər.
Bu sənəd təkcə iki şəhər arasında rəsmi əməkdaşlıq demək deyil. O, eyni kökdən gələn, ortaq tarixə, mədəniyyətə və dəyərlərə sahib iki Türk şəhərinin əlaqələrinin yeni mərhələyə qədəm qoymasının göstəricisidir.
Memorandum iqtisadiyyat, turizm, mədəniyyət, təhsil, humanitar sahələr və bələdiyyələrarası əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı səfərlərin və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Gəncə ilə Oş arasında qurulan bu qardaşlıq əlaqələrinin hər iki şəhərin inkişafına, turizm potensialının artmasına, mədəni mübadilənin genişlənməsinə və Türk dünyasında şəhərlərarası əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Hamlet Qasımov,
XQ-nin Gəncəbasar müxbiri