Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyəti daim əhalinin sosial rifahının yüksəldilməsi, yerli problemlərin operativ həlli və dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi istiqamətində qurulub.
Bu məqsədlə təşkil olunan səyyar görüşlər şəhərin müxtəlif ərazilərində mütəmadi şəkildə keçirilir Növbəti belə görüş Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbin binasında keçirilib.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, həmçinin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüş zamanı şəhər sakinləri tərəfindən müxtəlif sahələrə dair müraciətlər səsləndirilib.
Bu müraciətlər arasında işlə təminat, maddi yardımın göstərilməsi, su təminatı və subartezian quyularının təmiri, həmçinin kommunal və məhəllədaxili infrastrukturla bağlı məsələlər üstünlük təşkil edib.
Niyazi Bayramov hər bir vətəndaşı diqqətlə dinləyib, məsələlərə fərdi yanaşaraq konkret göstərişlər verib.
Bir sıra problemlər elə yerindəcə operativ həll olunub, digərləri isə aidiyyəti qurumlar tərəfindən araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.