Gəncə plovu bir özgə aləmdir

17.11.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu aşın ətrində babaların zövqü, nənələrin məharəti yaşayır

Bizim tərəflərdə plova elə-belə plov deməzdilər, aş deyərdilər. Elə indi də dilimizdə aş sözü daha çox işlənir. Bu 2 hərfli sözün nə qədər böyük mənası vardı! Toy aşı, bayram aşı, qonaq aşı, kirvə aşı… Hətta elçilikdə süfrəyə gətirilən aşın da öz adı, öz yeri vardı.

Gəncədə aş həmişə evin ruzisi, ailənin səxavəti, qonağa göstərilən hörmətlə bağlı olub. Aş dəmlənən evdə başqa bir ab-hava yaranardı. Böyüklər süfrə arxasına yığışar, uşaqlar isə səbirsizliklə qazanın qapağının açılmasını gözləyərdilər.

İndi Gəncənin restoranlarında növbənöv plovlar bişirilir. Amma hərdən düşünürəm: görəsən, qədim Gəncə aşlarının hamısını tanıyırıqmı? Xanlarımızın süfrəsinə hansı plovlar gətirilib? Nənələrimiz Novruz çərşənbələrində nə bişiriblər? Bəs indi yalnız adları qalan xörəklərimiz necə olub ki, yavaş-yavaş unudulub? 

Xan süfrəsindən gələn dadlar

Gəncədə düyü xörəklərinin tarixi qədimdir. Xüsusilə “sədri” düyüsündən bişirilən aşlar ətri, dadı, dənələrinin görünüşü ilə seçilib. Qovurma plov, mərci plov, lobya plov, şüyüd plov, paxla plov, səbzi plov, tikə plov, şabalıd plov, şeştərəngi plov, mütəlcəm plov, əriştə plov, umac-lobya plov, toyuq plov, südlü plov, çəkmə plov, şilə plov, hoppaca… Görün, bir şəhərin mətbəxində nə qədər aş çeşidi olub!

Bunların hərəsinin öz hazırlanma qaydası, bəzilərinin isə mərasimlərdə xüsusi yeri vardı. Ən məşhurlarından biri xan plovudur. Mətbəx ənənələrində XVIII əsr Gəncə xanlarının süfrəsi ilə əlaqələndirilən bu plov bu gün də tanınır. Bəhməzli-sirkəli mütəlcəm plovun, Nadir şah dövrü ilə bağlanan albalılı-çolpalı plovun qədim hazırlanma üsulları da araşdırılıb. Həmin reseptlərin bərpasında Mobil Cahangirovun adı çəkilir. XIX əsrdə Şərqə səyahət etmiş fransız Qaspar Druvilin 1813-cü ilə aid qeydlərində də plov bişirməyin xüsusi ustalıq tələb etdiyi vurğulanır.

Doğrudan da, yaxşı aş bişirmək hər adamın işi deyil. Düyünü süzməyin, dəmə qoymağın, qazmağı hazırlamağın öz incəliyi var. Gəncəlilər demişkən, aşın dənəsi gərək dənə-dənə olsun. Gəncə mətbəxindən danışanda Nizami Gəncəvinin yaşadığı şəhərin süfrə mədəniyyətini də unutmaq olmaz. Şairin əsərlərində çörəyə, ruziyə, halal zəhmətə münasibət mühüm yer tutur. “Sirlər xəzinəsi”ndəki bu misralar yada düşür:

Varsa suyun, çörəyin, yoxluqdan qəmə batma
Əlini çömçə təki hər kasaya uzatma.

Bu misralar plov haqqında deyil. Amma nemətin qədrini bilmək, süfrəyə hörmət etmək Gəncə məişətində də həmişə vacib sayılıb.

Hər çərşənbənin öz aşı…

Gəncədə Novruz süfrəsini aşsız təsəvvür etmək çətindir. Maraqlıdır ki, vaxtilə ayrı-ayrı çərşənbələrdə müxtəlif plovlar bişirilib. Etnoqrafik məlumatlara görə, Su çərşənbəsində çəkmə plov, Od çərşənbəsində maş-lobyalı aş hazırlanıb. Torpaq çərşənbəsində səbzəli, şüyüdlü plovlara üstünlük verilib. İlaxır çərşənbədə isə südlü aş dəmlənib. Bayramın özündə müxtəlif xuruşlarla plov süfrəyə gətirilib.

Gəncədə lobyalı aşın da xüsusi yeri olub. İlaxır çərşənbədə umac lobyası ilə hazırlanan aşın üzərinə bəzən şəkər səpilib. İndiki gənclərin çoxu, yəqin ki, belə yeməklərin adını da eşitməyib. Halbuki bir vaxtlar bunlar Gəncə evlərinin adi bayram təamları idi.

Unudulan xörəklərin sorağında

Gəncənin qədim məişətini, mərasimlərini, yeməklərini araşdıran alimlərdən biri tarix üzrə fəlsəfə doktoru, etnoqraf Nurlana Həmzəyevadır. Onun “XIX–XX əsrlərdə Gəncə şəhərinin ənənəvi maddi mədəniyyəti” mövzusundakı tədqiqatları şəhərin etnoqrafik irsinin öyrənilməsi baxımından maraqlıdır. Bu mövzuya həsr olunmuş monoqrafiyası 2026-cı ildə ictimaiyyətə təqdim edilib.

Gəncənin qədim yeməkləri arasında bu gün az tanınanları da var. Məsələn, şilə plov. Adi aşdan fərqli olaraq daha yumşaq, yapışqan olurmuş. Yağlı qoyun əti, noxud və şüyüdlə hazırlanırmış.

Çəkmə plovun hazırlanması da maraqlıdır. Qoyun əti doğranıb qovrulur, sonra düyü ilə birlikdə bişirilir. Zoğal və ya zoğal axtası xörəyə xoş turşməzə dad verirmiş.

Hoppaca isə qovrulmuş əriştə ilə düyüdən hazırlanıb, süfrəyə mürəbbə və ya şəkər tozu ilə gətirilib.

Bir də Gəncənin bağırbeyin deyilən qədim xörəyi var. Qoyunun qaraciyərindən, quyruğundan və beynindən hazırlanan bu yemək bəzən şüyüdlü, paxlalı aşın yanında verilib. Toydan sonrakı gün bəy və gəlin üçün bağırbeyin hazırlanması adəti də olub.

Belə yeməklərin adını, hazırlanma qaydasını yaşlı nəslin nümayəndələri hələ xatırlayırlar. Amma illər keçdikcə onları bilənlərin də sayı azalır. Unudulanları yazıya alır, gələcək nəsillər üçün qoruyurlar. Ancaq reseptin kitabda qalması azdır. Gərək o yemək yenə bişirilsin, süfrəyə gəlsin, dadı unudulmasın.

Kirvə aşı, elçilik aşı…

Gəncədə aşın mərasimlərlə bağlı maraqlı ənənələri də olub. Vaxtilə kiçik toy məclislərində kirvənin şərəfinə xüsusi aş hazırlanarmış. Üzərinə iri sümüklü ət parçası qoyularmış. Buna “arsala” və ya “qarı” deyilərmiş. Kirvə ailənin ən hörmətli qonaqlarından sayıldığından onun süfrəsinin də öz qaydası olub.

Elçilikdə də aşın xüsusi yeri vardı. Qız evindən “hə” cavabı alınanda süfrəyə gülablı, kişmişli, ərikli, xurmalı südlü aş gətirilərmiş. Yanında Gəncə qaymağı, bal, mürəbbə qoyularmış. Şirin aşın mənası da aydın idi: yeni qurulan ailənin həyatı şirin keçsin.

Belə adətlərimiz nə qədər çox olub! İndi onların bir qismi yalnız yaşlı adamların söhbətlərində yaşayır.

Bir də anamın aşı…

Gəncə plovlarından yazıram, amma söhbət gəlib istər-istəməz anamın mətbəxinə çıxır. İllər keçib. Çox ölkələrdə olmuşam, müxtəlif süfrələrdə oturmuşam. Elə yeməklər dadmışam ki, indi adını da xatırlamıram. Amma anamın bişirdiyi aşın dadı yadımdan çıxmayıb və ölənədək çıxmayacaq.

Anam aş dəmləyəndə mətbəxdə hər şeyin öz yeri olardı. Düyü ayrı, yağ ayrı, aşın qarası ayrı… Qazanın qapağı örtüləndən bir qədər sonra evə elə bir ətir yayılardı ki, yeməyin nə vaxt hazır olacağını soruşmağa ehtiyac qalmazdı. Anamın süfrəyə çəkdiyi aş mənim üçün dünyanın ən dadlı yeməyi idi. Bəlkə də başqaları ondan yaxşı plov bişirirdi. Bilmirəm. Heç müqayisə etmək də istəmirəm. Çünki ananın bişirdiyi yeməyin dadında onun əlinin zəhməti, övladına qayğısı da olur. İndi hərdən yaxşı plov yeyəndə deyirəm, əhsən, gözəl bişiriblər! Amma anamın aşının dadını heç birində tapa bilmirəm. Bəlkə də axtardığım təkcə o dad deyil… O illərin evini, ailə süfrəmizi, bir qazanın başına yığışdığımız günləri axtarıram. O vaxt anamın dəmlədiyi aşdan pay götürürdüm. İndi isə həmin günlərin xatirəsindən…

“Gəncə aşı başqa aləmdir...”

Yaşlı gəncəlilərlə söhbət edəndə tez-tez eşidirsən: əvvəlki aşların dadı başqa idi. Kimi bunu düyünün növü ilə, kimi yağla, kimi də köhnə bişirmə üsulları ilə izah edir.

Bir vaxtlar böyük ailələrdə aş dəmləmək ayrıca hazırlıq tələb edirdi. Düyünün seçilməsindən süzülməsinə, dəmə qoyulmasından süfrəyə çəkilməsinə qədər hər işin öz qaydası vardı. Bu ustalıq çox vaxt analardan qızlara, nənələrdən nəvələrə keçirdi. 

Gəncədə yaxşı aş bişirən qadınların adı dillərdə gəzərdi. Toylarda, böyük məclislərdə onların məsləhətinə ehtiyac duyulardı. Çünki yaxşı aşın düyüsü, yağı, qazmağı, qarası bir-birini tamamlamalı idi. Bir də gərək isti-isti süfrəyə gətiriləydi. Yanında göyərti, turşu, müxtəlif xuruşlar düzülərdi. Qonağın süfrədən razı qalması ev yiyəsi üçün böyük məsələ idi.

Bəs bu zənginliyin nə qədərini qoruyuruq? Bu gün Gəncədə milli mətbəximizə maraq var. Restoranlarda Gəncə paxlavası, dovğası, kətəsi, şah plovu təqdim olunur. Ölkənin rəsmi turizm portalında da şəhərin mətbəx zənginliyindən bəhs edilir. Amma görəsən, Gəncənin neçə restoranında şeştərəngi plov, mütəlcəm plov, çəkmə plov, hoppaca və ya qədim üsulla hazırlanmış şilə tapmaq olar? Gənc aşpazlarımızın neçəsi albalılı-çolpalı plovun hazırlanma qaydasını bilir? Məncə, bu barədə düşünməyə dəyər.

Niyə Gəncədə qədim xörəklərimizin festivalı keçirilməsin? Niyə restoranlarda “Qədim Gəncə süfrəsi” adlı ayrıca menyu olmasın? Niyə etnoqraflarımızın, təcrübəli aşpazlarımızın köməyi ilə unudulan reseptlər toplanmasın? Bu işə Gəncə Dövlət Universitetinin tədqiqatçılarını, mədəniyyət və turizm sahəsində çalışanları, peşə təhsili müəssisələrini cəlb etmək olar. Nurlana Həmzəyeva kimi etnoqrafların araşdırmaları da bu baxımdan faydalıdır. AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyevin təşəbbüsü və köməyi ilə işıq üzü görən “Gəncə incəsənəti” kitabı bu baxımdan sanballı bir nəşrdir. Keçmişimizi, adətimizi, incənətimizi təbliğ baxımından diqqəti cəlb edir.

Bir qazanın buxarına qarışan ömür…

Yazını bitirirəm, amma fikrim yenə anamın aşına qayıdır. İndi o illərin çox şeyi dəyişib. Evlər, süfrələr, adamlar… Bir vaxtlar adi görünən günlər illər keçəndən sonra insanın ən əziz xatirəsinə çevrilir. Hərdən bir hardansa aş qoxusu gələndə uşaqlığım yadıma düşür. Anamın mətbəxdəki qayğılı səsi, qazanın qapağından qalxan buxar, süfrə başına yığışan doğmalar…

Gəncə aşlarının tarixini araşdırdıqca bir daha anlayıram ki, qədim yeməklərimizi qorumaq həm də onları bişirən, yaşadan insanların xatirəsini qorumaqdır. Nənələrimizdən, analarımızdan bizə çox şey qalıb. 

Belə baxıram, dünyanın ən yaxşı aşpazı qarşıma dünyanın ən dadlı plovunu qoysa belə, bilirəm ki, bir daha anamın aşını yeyə bilməyəcəyəm. Çünki o aşın dadı anamla, uşaqlığımla, bir də heç vaxt geri qayıtmayacaq günlərlə birlikdə qalıb…

Hamlet Qasımov, 
XQ-nin Gəncəbasar müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью