Gəncə qədimliyini qoruyaraq müasirləşir

13.11.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 Şəhərin təmizliyi üçün daha 32 xüsusi texnika alınır

Gəncə son illər qədimliyini qorumaqla yanaşı, müasir şəhər kimi inkişaf edir. Yeni yollar, abadlaşdırılan küçə və prospektlər, salınan yaşıllıqlar, yenilənən kommunal infrastruktur şəhərin görkəmini dəyişir. Bu yeniliklərin sırasında Gəncənin təmizliyinin təmin olunması istiqamətində atılan növbəti addım da xüsusi əhəmiyyət daşıyır.

Noyabrın 12-də Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl şəhərlər” proqramı çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi “Gəncə şəhərində bərk məişət tullantılarının idarəedilməsi” layihəsi üzrə yeni müqavilə imzalanıb.

Prezident İlham Əliyevin Gəncənin inkişafına göstərdiyi diqqət və qayğı çərçivəsində reallaşdırılan layihəyə əsasən, şəhərin kommunal təsərrüfatının maddi-texniki bazası daha da gücləndiriləcək. Bu məqsədlə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə 32 xüsusi təyinatlı nəqliyyat vasitəsinin alınmasına dair müqavilə bağlanıb.

İtaliyanın “Iveco” markalı avtomobillərinin şassisi əsasında hazırlanacaq texnikalardan 29-u müxtəlif ölçülü tullantıtoplama maşını, biri tullantı konteynerlərinin yuyulması üçün xüsusi avtomobil, biri küçəsüpürən maşın, digəri isə irihəcmli tullantı konteynerlərinin daşınması üçün nəzərdə tutulub.

Yeni texnikalar məişət tullantılarının toplanması və daşınmasını asanlaşdıracaq, küçə və prospektlərin təmiz saxlanmasına, kommunal xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan yaradacaq.

Əslində, bu layihəyə təkcə 32 maşının alınması kimi baxmaq düzgün olmazdı. Söhbət şəhər təsərrüfatının müasir tələblərə uyğun qurulmasından, sakinlərin gündəlik həyatına birbaşa təsir edən xidmətin yaxşılaşdırılmasından gedir. Çünki şəhərin inkişafı yalnız yeni binalarla, geniş yollarla ölçülmür. Onun təmizliyi, səliqəsi, yaşıllığı, sakinlər üçün yaratdığı rahatlıq da ən azı bunlar qədər vacibdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən kommunal təsərrüfatın yenilənməsinə göstərilən diqqət də bu baxımdan təqdirəlayiqdir. Şəhər rəhbərliyinin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı genişləndirməsi, müasir texnologiyaların tətbiqinə üstünlük verməsi Gəncənin uzunmüddətli inkişafına hesablanmış addımlardır. Xüsusilə belə layihələrin yerli istehsal müəssisələrinin iştirakı ilə həyata keçirilməsi diqqəti cəlb edir.

Əlbəttə, şəhərin təmizliyi yalnız yeni texnikadan asılı deyil. Bu işin düzgün təşkili, kommunal xidmət əməkdaşlarının məsuliyyəti və sakinlərin yaşadıqları şəhərə münasibəti də mühüm rol oynayır. Yeni maşınların alınması ilə yanaşı, onların imkanlarından səmərəli istifadə olunması da əsas şərtlərdəndir.

Gəncə adi şəhər deyil. Hər küçəsində, hər qədim tikilisində tariximizin izləri yaşayır. Bu şəhərin özünəməxsus memarlığı, əsrlərdən gələn ənənələri, qorunmalı olan siması var. Müasirləşmə də məhz həmin tarixi simanı itirmədən aparılmalıdır.

Bu gün Gəncədə görülən işlərin əsas mənası da bundadır: qədim şəhərin müasir həyatın tələblərinə uyğunlaşdırılması. Bir tərəfdə Cavad xanın, Nizaminin yadigar qoyduğu Gəncə, digər tərəfdə yenilənən, böyüyən, sabaha doğru addımlayan müasir şəhər.

Yəni Gəncə öz keçmişindən ayrılmadan gələcəyinə doğru gedir. Ən gözəli də elə budur.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью