Gəncə teatrının səsi Omanda beynəlxalq səhnədə

17.09.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gəncə teatr sənətinin nümayəndələri beynəlxalq səhnələrdə ölkəmizi layiqincə təmsil etməkdə davam edirlər. Bu dəfə Gəncə Dövlət Milli Dram Teatrının aktyoru, Avrasiya Teatrlar Birliyinin (ETA) Azərbaycan təmsilçisi Yusif Cəfərov Oman Sultanlığının Salalah şəhərində keçirilən “DOFAR Beynəlxalq Teatr Festivalı”na fəxri qonaq qismində dəvət alıb.

Sentyabrın 14-də festivalın təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Zufar vilayətinin qubernatoru Əlahəzrət Seyid Mərvan bin Turki Əl Səid, Zufar bələdiyyəsinin sədri Dr. Əhməd Mohsin Əl Qassani və digər rəsmi şəxslər iştirak ediblər.

Beynəlxalq miqyasda keçirilən festivalda müxtəlif ölkələrin teatr kollektivləri və sənət nümayəndələri bir araya gəlib. İspaniya, Misir, Gürcüstan, Hindistan, Tunis, İraq, Türkiyə və Oman teatrları festivalda iştirak edir. Münsiflər heyətində İngiltərə, Yaponiya, Misir, Oman və İordaniyadan olan teatr mütəxəssisləri yer alıblar. Azərbaycanla yanaşı, İordaniya, Cənubi Koreya, Sudan və Şri-Lankadan olan nümayəndələr festivalın fəxri qonaqları sırasındadır.

Yusif Cəfərovun sözlərinə görə, festival müxtəlif ölkələrin teatr sənətini yaxından tanımaq, sənət adamları arasında fikir mübadiləsi aparmaq və beynəlxalq teatr əlaqələrini daha da genişləndirmək baxımından mühüm platformadır:

Festivalın bağlanış mərasimi sentyabrın 22-də keçiriləcək. Tədbirin Qran-pri mükafatı üç kateqoriya üzrə ümumilikdə 150 min ABŞ dollarıdır. “Elit tamaşa”, “Böyük Beynəlxalq tamaşa” və “DOFAR teatrı” kateqoriyalarının hər birində qalibə 50 min ABŞ dolları məbləğində mükafat təqdim olunacaq.

Yusif Cəfərovun beynəlxalq teatr layihələrində fəal iştirakı da diqqət çəkir. O, həmçinin “Trabzon Beynəlxalq Teatr Festivalı”nın Beynəlxalq əlaqələr bölməsinə rəhbərlik edir. Gəncə Dövlət Milli Dram Teatrının aktyorunun belə mötəbər beynəlxalq sənət platformasında Azərbaycanı təmsil etməsi Gəncə teatrının yaradıcılıq coğrafiyasının getdikcə genişləndiyini göstərən faktlardan biridir. Oman səhnələrində keçirilən bu görüşlər həm də müxtəlif teatr məktəbləri arasında yeni əlaqələrin yaranmasına imkan yaradır.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью