Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Deyəsən, bundan sonra Gəncədə gəzmək təkcə sağlamlıq yox, elektrik enerjisi də yaradacaq. Özü də nə işıqpulu ödəyəcəksən, nə də elektrik sayğacına baxacaqsan. Sadəcə, ayağını yerə basacaqsan, enerji yaranacaq!
Elə düşünməyin ki, xəyallarımızı işə salırıq, yaxud zarafat edirik. Xeyr, bu, reallıqdır. Məsələ burasındadır ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri maraqlı bir qurğu hazırlayıblar. Adını da “Addım enerjisi” qoyublar.
Deməli, insanlar həmin qurğunun üzərindən keçəndə ayaqlarının yaratdığı təzyiq elektrik enerjisinə çevrilir. Yəni sən öz işində olursan, yolunu gedirsən, ayağının altındakı qurğu isə elektrik istehsal edir.
Qurğu artıq universitetin həyətində quraşdırılıb. Səkinin altına yerləşdirilən xüsusi mexanizmlər insan addımlarının yaratdığı hərəkətdən enerji əldə edir. Həmin enerjidən isə işıqlandırmada istifadə olunması planlaşdırılır.
Layihənin texniki göstəricilərinə gəldikdə, qurğunun müxtəlif prototipləri 7–25 və 15–40 vatt güc göstəricilərinə malikdir. Üstəlik, sistemi genişləndirmək, daha çox enerji əldə etmək də mümkündür.
İşin ən maraqlı tərəfi isə budur ki, tələbələr bu yeniliyi gələcəkdə şəhərin adam çox olan yerlərində də tətbiq etməyi düşünürlər.
Təsəvvür edin, Gəncənin ən gur küçələrindən birində hamı gedib-gəlir. Biri işə tələsir, biri bazarlığa çıxıb, biri də sadəcə gəzir. Hamısı da bilmədən elektrik istehsalına öz töhfəsini verir!
ATU tələbələrinin bu təşəbbüsü həm maraqlı, həm də faydalıdır. Gənclər göstərirlər ki, universitetdə öyrəndiklərini yalnız imtahan vərəqində deyil, real həyatda da tətbiq etməyi bacarırlar.
İndi qalır bu ideyanın daha da inkişaf etdirilməsi və şəhər mühitində sınaqdan keçirilməsi.
Bir sözlə, ATU tələbələri sübut etməyə çalışırlar ki, enerji əldə etmək üçün bəzən böyük elektrik stansiyası yox, ağıllı ideya və bir cüt hərəkətli ayaq da köməyə gələ bilər!
Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri