Gəncəbasar ın baş məşqçisi: “Kubokda konkret hədəfimiz yoxdur”

30.10.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Xankəndi" üzərində qələbə qazanmaq həm məni, həm də futbolçuları sevindirir. İlk "11-lik"də daha az şans qazanan futbolçulara üstünlük verdik". Bu sözləri Sport24.az-a açıqlamasında "Gəncəbasar"ın baş məşqçisi Elhad Nəziri deyib.
Gənc mütəxəssis Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Xankəndi"yə qalib gəldikləri (3:2) matçla bağlı fikirlərini bölüşüb:
"Sonradan əsas heyət üzvünü də meydana buraxdıq ki, oyunçular görüşün tonusunu qoruyub saxlasınlar və növbəti matçlara hazır olsunlar. İki fərqli hissə izlədik. Birinci yarıda bəzi çatışmazlıqlarımız olsa da, fasilədən futbolçulardan istədiyim peformansı görə bildim. Komanda daha yaxşı təsir bağışladı və meydanda gözlədiyim mübarizəni nümayiş etdirdi. Sadəcə, rəqib futbolçuların tez-tez yerə yıxılaraq vaxt uzatmaları matçın tempini aşağı salırdı. Bu da oyunun ritminə mənfi təsir göstərirdi. Futbolçularımız standart vəziyyətlər zamanı konsentrasiyanı itirirlər. Bu, üzərində ciddi işləməli olduğumuz məqamlardan biridir. Belə epizodlarda daha diqqətli və intizamlı olmalıyıq".
Nəziri Azərbaycan Kubokundakı hədəflərindən danışıb:
"Növbəti turda rəqibimiz "Şamaxı"dır. Son turlarda uğurlu çıxış edirlər. Buna görə də Azər Bağırovu təbrik edirəm. Yaxşı komanda formalaşdırıb və bunu son nəticələrdə də görmək mümkündür. Futbolçularıma həmişə deyirəm ki, rəqibin kimliyindən asılı olmayaraq, meydanda daim təzyiq göstərməli, öz oyunumuzu nümayiş etdirməliyik. Kubokda konkret hədəfimiz yoxdur. Bizim üçün əsas hər qarşılaşmaya ciddi yanaşmaqdır. Qələbə qazanacağımız təqdirdə, bu, futbolçular üçün də xoş hisslər yaradacaq və komandaya əlavə motivasiya verəcək".
Qeyd edək ki, "Gəncəbasar" Azərbaycan kubokunun 1/8 finalında "Şamaxı ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью