Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ab-hava qaydasındadır. Liderlə oyuna səylə hazırlaşırıq. Elhad müəllimin (komandanın baş məşqçisi Elhad Nəziri - red.) verdiyi tapşırıqları arzulanan səviyyədə yerinə yetirsək, liderlə oyunda xal və ya xallar qazanacağıq”.
Bu sözləri Birinci Liqanın səkkizinci turunda lider “Şahdağ Qusar”ın qonağı olacaq ikinci pillənin sahibi “Gəncəbasar”ın mərkəz müdafiəçisi Mahir Həsənov turun mərkəzi qarşılaşması ərəfəsində deyib.
Gəncə təmsilçisinin futbolçusu komandadakı əhval-ruhiyyədən və qarşıdakı matçdakı əsas hədəflərindən söz açıb.
“Bir məqsədimiz var, o da qələbədir. Meydana 'Şahdağ Qusar'ı məğlub etmək üçün çıxacağıq”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, “Şahdağ Qusar” - “Gəncəbasar” oyunu noyabrın 20-də baş tutacaq. Binə qəsəbə stadionunda keçiriləcək matçın start fiti saat 14:00-da səsləndiriləcək.