Gəncədə “27 Sentyabr: Zəfərə aparan yol” mövzusunda dəyirmi masa keçirilib

25.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

AMEA-nın Gəncə Bölməsi Elm və Təhsil Nazirliyinin Gəncədə fəaliyyət göstərən Bioresurslar, Ekologiya və Təbii Ehtiyatlar, Aqrar Problemlər institutları, eləcə də Nəbatat Bağı ilə birgə “27 Sentyabr: Zəfərə aparan yol” mövzusunda dəyirmi masa təşkil edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Dəyirmi masanı giriş sözü ilə açan AMEA Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. O qeyd edib ki, əsgər və zabitlərimizin rəşadəti, arxa cəbhədə çalışan insanların fədakarlığı, xalqın dövlət başçısının ətrafında yumruq kimi birləşməsi nəticəsində 44 günlük Vətən müharibəsi möhtəşəm Zəfərlə başa çatıb.

Akademik Fuad Əliyev Anım Gününün mahiyyətinin gənc nəslə və geniş ictimaiyyətə daha dərindən çatdırılmasının əhəmiyyətini vurğulayıb. O, Gəncə Bölməsi tərəfindən Gəncənin şəhidlərinə həsr olunmuş kitabın nəşr edildiyini də xatırladıb.

Sonra məruzələr dinlənilib. Bioresurslar İnstitutunun direktoru, dosent İmran Qasımov “27 Sentyabrdan 8 Noyabra: Zəfər Gününə doğru”, Nəbatat Bağının direktoru Nizami Nağıyev “Milli birliyin və Vətən uğrunda savaşın rəmzi olan Dəmir Yumruq”, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı Ayşən Əsgərova “27 Sentyabr – Vətən müharibəsinin başlanğıcı və Zəfərə aparan yol” mövzularında çıxış ediblər.

AMEA Gəncə Bölməsinin YAP Gəncə şəhər 2 saylı Ərazi Partiya Təşkilatının sədri Vüsal Eminbəyli “Tariximizin yaddaşında əbədi izlər”, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli “Bir tarix, min duyğu: 27 Sentyabr gənclərin düşüncəsində”, Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin əməkdaşı Nigar Həsənova isə “27 Sentyabr Azərbaycan xalqının qüruru, əbədi andı” mövzusunda məruzə ilə çıxış ediblər.

Məruzələr ətrafında fikir mübadiləsi aparılıb. Tədbiri yekunlaşdıran akademik Fuad Əliyev çıxışların elmi və mənəvi baxımdan əhəmiyyətini qeyd edib, alim və tədqiqatçıların, xüsusilə elm yolunu seçən gənclərin Azərbaycanın inkişafı naminə əzmlə çalışmasını şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın ifadəsi kimi dəyərləndirib.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью