Icma.az, Apa.az saytına istinadən bildirir.
Oktyabrın 1-də saat 12:30 radələrində 5 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir", məlumatda deyilir.
Qida Təhlükəsizliyi Agentliyindən APA-nın soğusuna cavab olaraq bildirilib ki, Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir:
"Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
Günay Elşən
***
14.00
"Bu gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər".
Bu barədə APA-nın qərb bürosuna Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır.
***
13.52
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə qeydə alınıb. Məktəbin bir neçə şagirdi zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, şagirdlər məktəbinin bufetindən konfet alıb yeyəndən sonra özlərini pis hiss ediblər.