Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Kapital Bank” yeni formatda fəaliyyət göstərən ilk filialını Gəncədə açıb. Burada rəqəmsal xidmətlər ənənəvi bank xidməti ilə birləşdirilib. Müştərilər əməliyyatları həm özləri onlayn həyata keçirə, həm də əməkdaşların köməyindən yararlana biləcəklər.
Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Bir ekosisteminin rəhbəri, “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, bankın Gəncə filialının direktoru Vüqar Paşayev, müəssisə və təşkilat rəhbərləri, bank əməkdaşları və müştərilər iştirak ediblər.
Niyazi Bayramov yeni formatda ilk filialın Gəncədə açılmasını şəhərin işgüzar həyatı üçün əhəmiyyətli hadisə adlandırıb. O, regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısı sayəsində Gəncədə müxtəlif sahələrdə müasir layihələrin həyata keçirildiyini bildirib.
Fərid Hüseynov isə seçimlərinin təsadüfən Gəncəyə düşmədiyini vurğulayıb. Onun sözlərinə görə, əsas məqsədlərdən biri paytaxtdakı rəqəmsal bankçılıq imkanlarını region sakinləri üçün də eyni səviyyədə əlçatan etməkdir. Yeni filialda texnologiyanın yaratdığı rahatlıqla yanaşı, müştəriyə fərdi diqqət də ön planda olacaq.
Bəs yeni filialın fərqi nədir? Burada yaradılan rəqəmsal guşədə müştərilər nağdsız ödənişləri, onlayn köçürmələri və digər əməliyyatları sərbəst yerinə yetirə biləcəklər. QR-kod vasitəsilə onlayn növbə götürmək imkanı da xidmətlərdən istifadəni asanlaşdıracaq.
Gəncə şəhəri, Atatürk prospekti, giriş 428 ünvanında yerləşən filial həftənin iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək. Burada əmanət, kart və kredit xidmətləri, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi və digər bank xidmətləri təqdim olunacaq.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri