Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 13 oktyabr, AZƏRTAC
“Gəncə Open - 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
Şahmat Federasiyasından AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Şahmat Turu”nun təqviminə uyğun təşkil olunan yarışda 6 ölkədən 180 iti zəka sahibi mübarizə aparır.
Gəncə İdman Sarayında keçirilən yarışın açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov, festivalın direktoru Asif Həsənov və digər rəsmilər çıxış edərək turnirin regionda şahmatın inkişafına dəstək olduğunu deyiblər. Yarışın baş hakimi Lütfiyar Rüstəmov turnirin reqlamenti barədə məlumat verdikdən sonra ilk tura start verilib.
Yüksəkreytinqli və təcrübəli ustaların yer aldığı A qrupunda 46 şahmatçı, daha kütləvi və gənc istedadların qüvvəsini sınadığı B qrupunda isə 134 şahmatçı qeydiyyatdan keçib.
Festival İsveçrə sistemi üzrə keçirilir. Oktyabrın 18-nə qədər davam edəcək partiyalardan sonra turnirin qalibləri müəyyən olunacaq və bağlanış mərasimində mükafatlandırılacaqlar.