Gəncədə ədəbi irsimiz və ana dilimizin gələcəyi müzakirə olunub

27.11.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycanın qərb bölgəsi əsrlər boyu milli ədəbiyyatımızın, aşıq sənətimizin və şifahi xalq yaradıcılığımızın zənginləşməsində mühüm rol oynayıb. Nizami Gəncəvidən Aşıq Ələsgərə qədər böyük söz ustalarının yaratdıqları mənəvi sərvət xalqımızın düşüncə tərzini, dilini, milli kimliyini yaşadaraq bu günümüzə çatdırıb. Bu irsin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi müasir Azərbaycan elminin qarşısında duran mühüm vəzifələrdəndir.

Gəncə Şəhər İcra Hakimiyyətinin və AMEA-nın Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən “Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili” mövzusunda respublika elmi konfransı da məhz bu məsələlərə həsr olunub.

İştirakçılar əvvəlcə Gəncə Bölməsinin elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla anılıb.

AMEA-nın Gəncə Bölməsinin sədr müavini, dosent Əlimuxtar Muxtarov bölmənin sədri, akademik Fuad Əliyevin salamlarını və uğur arzularını konfrans iştirakçılarına çatdırıb. Bildirib ki, ana dilimizin və milli-mənəvi irsimizin qorunması Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətində mühüm yer tutub. Bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Əlimuxtar Muxtarov Gəncəbasarla yanaşı, Qərbi Azərbaycanın zəngin ədəbi irsinin öyrənilməsinin, tarixi yurdlarımızla bağlı mənəvi yaddaşın yaşadılmasının əhəmiyyətindən də danışıb.

AMEA-nın Gəncə Bölməsinin sədr müavini Rasim Tağıyev bölgənin bu nüfuzlu elm ocağının 45 illik fəaliyyətinə nəzər salıb. Gəncədə Elmlər Akademiyasının çoxşaxəli bölməsinin yaradılmasının Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu, Prezident İlham Əliyevin bölgələrdə elmi potensialın gücləndirilməsinə daim diqqət yetirdiyini bildirib. Bölmənin təşəkkülündə və bugünkü inkişaf səviyyəsinə yüksəlməsində akademik Fuad Əliyevin böyük xidmətlərini xüsusi vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Hüseynovanın moderatorluğu ilə keçirilən konfransda respublikanın müxtəlif elm və təhsil müəssisələrini təmsil edən tədqiqatçılar Azərbaycan dilinin inkişafı, klassik ədəbi irsimizin öyrənilməsi, aşıq yaradıcılığı, folklor nümunələrinin qorunması və müasir texnologiyaların bu sahədə yaratdığı imkanlar barədə fikirlərini bölüşüblər.

Müzakirələrdə ana dilimizin rəqəmsal məkanda daha geniş təmsil olunması, ədəbi sərvətlərimizin elektron resurslara çevrilməsi və gənc nəslə çatdırılması məsələlərinə də xüsusi diqqət yetirilib.

Konfransın əhəmiyyəti həm də ondadır ki, burada milli ədəbi irsimizə yalnız keçmişin yadigarı kimi deyil, gələcəyimizin mənəvi dayağı kimi yanaşılıb. Müasir texnologiyaların həyatımıza sürətlə daxil olduğu bir dövrdə ana dilimizin zənginliyini qorumaq, onun işləkliyini artırmaq və yeni nəsillərə sevdirmək təkcə alimlərin deyil, bütövlükdə cəmiyyətin vəzifəsidir.

Respublika elmi konfransı işini səkkiz bölmədə davam etdirib. Konfransın materialları AMEA-nın Gəncə Bölməsi tərəfindən ayrıca kitab halında nəşr olunub.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью