Gəncədə favorit yoxdur, “Sumqayıt” qələbə axtarışında

12.09.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında V turun daha iki oyunu keçiriləcək.

Günün ilk matçında “Kəpəz” “Qəbələ”ni qəbul edəcək. Gəncə şəhər stadionunda baş tutacaq matça saat 17:30-da start veriləcək.

“Sarı-göylər” bu mövsüm doğma arenada keçirdiyi iki oyunda bir qələbə qazanıb, bir dəfə uduzub. Açılış matçında “Turan Tovuz”a qalib gələn gəncəlilər sonra “Şamaxı”ya məğlub olub.

Görüşdə favorit yoxdur. Həm “Kəpəz”, həm də “Qəbələ” qeyri-stabil nəticələrlə diqqət çəkir. Kaxaber Sxadadzenin gedişindən sonra birinci qələbəsini ötən turda qazanan “qırmızı-qaralar” seriyanı davam etdirmək arzusundadır. Heyətin keyfiyyəti baxımından “Qəbələ” bir addım öndə görünür. Lakin meydan amili “Kəpəz”dən yanadır.

Gəncə klubunda əsas çatışmazlıq müdafiə xətti ilə bağlıdır. Komanda hücuma çıxan zaman geridə kifayət qədər boşluqlar buraxır və ötən turda məhz bunun “qurbanı” oldu. “Şamaxı” əks-hücumlarda dəqiq oyunu ilə 4 qol vura bilmişdi. “Qəbələ”nin də ön xəttdə sürətli oyunçuları var. “Kəpəz” eyni səhvləri təkrarlasa, məğlubiyyət qaçılmaz olacaq.

Günün digər matçında “Sumqayıt” “Şamaxı”nı qəbul edəcək. Görüşə saat 19:45-də start veriləcək. “Kimyaçılar” bu mövsüm qələbə qazana bilməyən iki kollektivdən biridir. Filipe Kandidonun yetirmələri ötən turda “Turan Tovuz”a yaxşı müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməmişdi.

Yeni formalaşan “Gənclik şəhəri” təmsilçisi buna qədər iddialı komandalarla üz-üzə gəlib və buna görə xal itkiləri başadüşülən idi. Lakin indi rəqib “Şamaxı”dır və “şirlər” “kimyaçılar”ın gücünə uyğun komandadır. Meydan amili “Sumqayıt”ı bir addım öndə göstərir.

“Şamaxı”nın əsas üstünlüyü isə baş məşqçisi Azər Bağırovdur. Mütəxəssis çalışdığı komandalarda məhdud büdcə ilə nəticə verməyi bacarıb. Bölgə klubu mövsümə də pis başlamayıb və 4 turda 4 xal qazanıb. Bağırovun yetirmələrinin Sumqayıtdan üç xalla dönməsi sürpriz sayılmayacaq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью