Gəncədə fəal gənclərin təşəbbüs və təklifləri dinlənilib

07.11.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə, 7 noyabr, AZƏRTAC

Gəncə şəhər Heydər Əliyev Mərkəzində şəhərin bir qrup fəal gənci ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rəsmilər gənclərlə birgə Mərkəzin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, “Kapital Bank” Gəncə filialının müdiri Vüqar Paşayev, “Bakı Abadlıq Xidməti”nin baş memarı Rüfət Quliyev, eləcə də şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin fəal tələbə gəncləri iştirak ediblər. Görüşdə Niyazi Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən bəhs edib. Bildirilib ki, gənclərin hərtərəfli inkişafı, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, onların ictimai-siyasi həyatda fəallığının artırılması dövlət siyasətinin prioritetlərindəndir. Bu sahədə Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi layihə və təşəbbüslərin də əhəmiyyəti vurğulanıb.

Şəhər rəhbəri gənclərin ölkənin gələcək inkişafında mühüm rol oynadığını qeyd edərək, onların təşəbbüslərinin dəstəklənməsinin və şəhərin ictimai həyatında fəal iştirakının vacibliyini diqqətə çatdırıb.

Görüşün interaktiv formatda davam etməsi gənclərə öz fikir, ideya və təkliflərini sərbəst şəkildə ifadə etmək imkanı yaradıb.

Gənclər rəsmilərlə fikir mübadiləsi apararaq onları maraqlandıran məsələləri müzakirə edib, gələcək təşəbbüs və layihələri ilə bağlı təkliflərini səsləndiriblər. Gənclər ölkədə onların inkişafı üçün yaradılan imkanlara, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Müxbir - Elcan Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью