Gəncədə gənc qız falçıya 25 min verdi, aldadıldı: İnsanlar belə fırıldaqçılara niyə inanır? AÇIQLAMA

28.01.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Son günlər falçılıq halları cəmiyyətdə ciddi narahatlıq yaradır. İnsanların qorxu, ümid və psixoloji boşluqlarını istismar edən şəxslər onları aldadaraq pul və əşyalarını ələ keçirirlər. Təəssüf ki, bəzi vətəndaşlar bu cür iddialara inanaraq özlərini və ailələrini riskə atır. Cəmiyyətin bir hissəsi qaranlıq iddialara və asan yollarla problemlərin həllini təklif edən insanlara inanır. Sosial şəbəkələrdə yayılması isə bu prosesi daha da sürətləndirir və hər gün daha çox insanın aldadılma ehtimalını artırır. 

Avtosfer.az xəbər verir ki, analoji hal Gəncə şəhərində də yaşanıb. “Falçı Telli” adı ilə tanınan qadın Bakıda bir gənc qızı aldadıb. O, qızın və ailəsinin şər qüvvələr təsiri altında olduğunu bildirərək, sevdiyi oğlanla ayrılma qorxusundan istifadə edib, 8,500 manat dəyərində qızıl pirsinqlər və daha sonra 16,500 manat pul tələb edib. Çarəsiz qalan gənc qız bu məbləğləri falçıya göndərib. Hadisə sübut edir ki, insanlar sosial problemlərdən, cəhalət və emosional boşluqdan aldadılmağa daha açıq olurlar.

Məsələ ilə bağlı psixoloq Orxan Şəfizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, falçılara inanmaq psixoloji boşluğun, qorxu və qeyri-müəyyənliyə dözümsüzlüyün, məsuliyyətdən qaçışın göstəricisidir:
“Falçılara inanmaq ilk baxışda sadəcə savadsızlıq və ya cəhalət kimi görünə bilər. Amma məsələ nə qədər dərinləşdikcə anlayırıq ki, bu davranış təkcə intellektual yox, emosional və mənəvi bir boşluğun göstəricisidir. İnsan qorxanda, nəzarəti itirdiyini hiss edəndə, gələcəkdən əmin olmayanda rasional düşüncə zəifləyir. Beyin təhlükəsizlik axtarışına keçir. Bu nöqtədə insan alternativ bilənlərə üz tutur. Falçı məhz bu boşluqda ortaya çıxır. Psixoloji baxımdan falçılar insanlara nəzarət illüziyası verir. Guya gələcək artıq naməlum deyil. Guya birisi pərdə arxasını görür. Bu, insanın daxili gərginliyini müvəqqəti azaldır. Amma bu rahatlıq həqiqətə deyil, illüziyaya əsaslanır. Psixoloji olaraq da insanı parçalayır”.


Bu məsələ fərdi yox, həm də cəmiyyət problemidir. Sosioloq Rəvan Əliyev Avtosfer.az-a müsahibəsində deyib ki, falçılığa inam təkcə savadsızlığın yox, cəmiyyətdəki dərin sosial və psixoloji boşluqların nəticəsidir:
“Amma bunu gizlətmək olmaz ki, cəhalət bu problemin əsas qidalandırıcı mənbəyidir. Elmə və məntiqə yox, xurafata inanmaq düşüncə zəifliyinin açıq göstəricisidir. İnsanlar həyatdakı problemlərini real yollarla həll etmək əvəzinə, falçıya üz tutur. Bu isə çox vaxt ümidsizlikdən, qorxudan və məsuliyyətdən qaçmaqdan qaynaqlanır. Digər tərəfdən, falçılıq artıq insanların dərdi üzərindən pul qazanan bir biznesə çevrilib. Sosial şəbəkələr bu aldadıcı sistemi daha da böyüdür, insanların inamını istismar edir”.
Nurcan Babək

Oxunub 60

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью