Gəncədə II Beynəlxalq Nizami Konfransı

03.11.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nizami Gəncəvi – 885

Gəncə dünya alimlərini bir daha Nizami Gəncəvinin zəngin irsinin ətrafında birləşdirən elmi mərkəzə çevrilib. Dahi Azərbaycan şairi və mütəfəkkirinin 885 illiyi münasibətilə keçirilən II Beynəlxalq elmi konfransda müxtəlif ölkələrdən gəlmiş tədqiqatçılar Nizami yaradıcılığının indiyədək araşdırılmış və hələ də öz həllini gözləyən məsələləri müzakirə ediblər. 8 bölməni əhatə edən elmi forum həm iştirakçıların coğrafiyası, həm də təqdim olunan tədqiqatların miqyası ilə diqqəti cəlb edib.

AMEA-nın Gəncə Bölməsində keçirilən “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda konfrans Azərbaycan Milli Elmlər Akademiyasının və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub. Tədbirin təşkilatçıları AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzi, Azərbaycanın Türkiyədəki səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və ölkəmizin Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi olub.

Beynəlxalq elmi foruma Azərbaycan, Türkiyə, Özbəkistan, İran, Livan, Hindistan, Litva, Pakistan, Almaniya və Rusiya Federasiyasının Kalmıkiya Respublikasından alim və tədqiqatçılar qatılıblar.

Konfrans iştirakçıları əvvəlcə AMEA Gəncə Bölməsinin elmi nailiyyətlərini, nizamişünaslıq sahəsində aparılan tədqiqatları əks etdirən sərgi ilə tanış olublar.

Sonra iştirakçılara AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin videotəbriki çatdırılıb.

Elmi forumu açan AMEA Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev qonaqları Nizaminin doğma yurdunda salamlayıb. O, Gəncənin Azərbaycan tarixində, elm və mədəniyyətində tutduğu mühüm mövqedən, dünya ədəbiyyatına misilsiz töhfələr vermiş Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsinin əhəmiyyətindən danışıb. Akademik bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın klassik ədəbi irsinin qorunmasını, dərindən öyrənilməsini və geniş təbliğini daim diqqət mərkəzində saxlayıb. Məhz bu siyasət nəticəsində böyük söz ustalarımızın yaradıcılığı elmi tədqiqatlardan tutmuş təhsilə, ədəbiyyata, incəsənətə, teatr və kinoya qədər müxtəlif sahələrdə daha geniş əksini tapıb. Fuad Əliyev Gəncə alimlərinin nizamişünaslığın inkişafında mühüm xidmətlərini də xüsusi vurğulayıb. O həmçinin AMEA prezidenti İsa Həbibbəylinin konfrans iştirakçılarına təbriklərini çatdırıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov Gəncədə beynəlxalq Nizami konfransının keçirilməsini şəhərin elmi həyatında əlamətdar hadisə kimi dəyərləndirib. Bildirib ki, Nizami Gəncəvi irsinin tədqiqi, nəşri və dünyada tanıdılması istiqamətində ümummilli lider Heydər Əliyevin başladığı böyük işləri Prezident İlham Əliyev davam etdirir. Dahi şairin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, əsərlərinin müxtəlif dillərdə nəşri və beynəlxalq elmi tədbirlərin keçirilməsi bu siyasətin mühüm istiqamətlərindəndir.

Sonra AMEA Gəncə Bölməsinin sədr müavini, dosent Əlimuxtar Muxtarovun moderatorluğu ilə plenar iclas başlanıb. Məruzələr mövzu müxtəlifliyi ilə seçilib. Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva şairin əsərlərində Gəncənin tarixi taleyindən, Bakı Dövlət Universitetinin dosenti Əsmətxanım Məmmədova Xaqani Şirvani və Nizami Gəncəvi yaradıcılığında dilin semantik xüsusiyyətlərindən, professor Rüstəm Kamal isə Məmməd Arazın poetik dünyasında Nizami obrazından bəhs edib.

Türkiyənin Hacəttəpə Universitetindən Aysun Çelik bu ölkədə aparılan Nizami tədqiqatlarının bibliometrik təhlilini təqdim edib. Professor Xuraman Hümmətova Nizami irsinin Mövlana Rumi yaradıcılığına təsirindən, Litvadan qatılan tədqiqatçı Tahirə Günəş şairin əsərləri ilə urdu dili arasında tərcümə əlaqələrindən danışıb.

Professor Bella Musayeva Nizami poeziyasında multikulturalizmin humanist əsaslarını, Ataəmi Mirzəyev “Leyli və Məcnun” mövzusunun Nizamidən Füzuliyə qədər keçdiyi inkişaf yolunu, Əzizağa Nəcəfov isə Nizami yaradıcılığında peyğəmbər obrazlarını araşdırıb.

Maraq doğuran məruzələrdən biri də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Xatirə Yusifovanın müasir rəqəmsal elmi mühitdə nizamişünaslığın yeni tədqiqat istiqamətlərinə həsr olunmuş çıxışı olub. Məruzədə rəqəmsal humanitar elmlərin Nizami irsinin öyrənilməsi üçün açdığı imkanlar diqqətə çatdırılıb. Digər tədqiqatçılar da şairin fəlsəfi görüşləri, Türk dünyası ilə əlaqələri, əsərlərində qadın obrazları, bəşəri dəyərlər, təsəvvüf, ədəbi ənənələr və müxtəlif xalqların ədəbiyyatına təsiri barədə məruzələrlə çıxış ediblər.

Konfrans işini “Nizami Gəncəvi və Türk dünyası”, “Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Nizami Gəncəvi və dünya ədəbiyyatı”, “Nizami Gəncəvi yaradıcılığında din və irfan”, “Nizami Gəncəvi və incəsənət”, “Nizami Gəncəvi yaradıcılığında bəşərilik və birgəyaşayış məfhumu”, “Nizami Gəncəvi: sələflər və xələflər” və “Müasir rəqəmsal elmi mühitdə nizamişünaslığın yeni tədqiqat istiqamətləri” adlı 8 bölmədə davam etdirib.

Elmi məclisdə konfransa qəbul edilmiş 251 məqalənin 4 cilddə nəşr olunmuş nizamişünaslığın müxtəlif problemlərini əhatə edən toplusu iştirakçılara təqdim edilib.

Konfrans iştirakçıların Nizami Gəncəvinin məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət etmələri ilə yekunlaşıb.

Gəncədə keçirilən beynəlxalq elmi forum bir daha göstərib ki, Nizami Gəncəvi irsi təkcə ədəbiyyat tariximizin qiymətli yadigarı deyil, həm də müxtəlif xalqları, elmi məktəbləri və tədqiqatçı nəsillərini bir araya gətirən mənəvi sərvətdir. Doğma Gəncədən dünyaya yayılan Nizami sözü 9 əsrə yaxın bir zaman keçməsinə baxmayaraq, bu gün də elmi düşüncəyə yeni mövzular, yeni axtarışlar və yeni suallar bəxş edir.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью