Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bəzən insanın öz əlləri ilə yaratdığı kiçik bir sənət əsərinin arxasında böyük zəhmət, səbir, inam və həyata bağlılıq dayanır. Gəncədə təşkil olunan əl işlərinin satış-sərgisi də məhz belə insanların bacarığını, istedadını və zəhmətini bir araya gətirmişdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə keçirilən sərgidə əlilliyi olan şəxslərin hazırladıqları müxtəlif sənət nümunələri nümayiş etdirilib. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının inzibati binasında təşkil olunan tədbir iştirakçılarda xoş təəssürat yaradıb.
Sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncədəki ali məktəblərin rektorları, Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsənova, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Niyazi Bayramov sərgini gəzərək əl işlərinə baxıb, onların müəllifləri ilə söhbət edib, yaradıcılıqları ilə maraqlanıb və onlara dəstəyini ifadə edib. Bu görüşlərin ən dəyərli tərəfi isə insanların öz zəhmətlərinə göstərilən diqqəti hiss etmələri idi. Axı insan üçün yaratdığı bir işin bəyənilməsi, əməyinin qiymətləndirilməsi qədər xoş duyğulardan biri az tapılar.
Dulusçuluq, bədii oyma, tikmə, xalçaçılıq, rəssamlıq, toxuculuq və dərzilik nümunələri, muncuqdan hazırlanmış bəzək əşyaları, suvenir oyuncaqlar və dekorativ şamlar sərgiyə xüsusi rəng qatıb. Hər bir əl işində onun müəllifinin zövqü, səbrlə çalışdığı saatlar və öz bacarığını göstərmək istəyi duyulurdu.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu tədbirin əhəmiyyəti təkcə əl işlərinin nümayişi və satışı ilə məhdudlaşmır. Belə sərgilər əlilliyi olan şəxslərin öz qabiliyyətlərini göstərməsinə, əməyindən qazanc əldə etməsinə, cəmiyyətin həyatında daha fəal iştirakına imkan yaradır. Ən əsası isə insanlara özlərini lazım bildikləri, bacarıqlarına inanıldığı bir mühit bəxş edir.
Bəlkə də sərgidən alınan kiçik bir əl işi kiminsə evində sadəcə bəzək əşyası olacaq. Amma onu hazırlayan insan üçün həmin alış onun zəhmətinin hədər getmədiyini, əməyinin kiməsə sevinc bəxş etdiyini bilmək deməkdir. Belə tədbirlərin əsl dəyəri də elə bundadır.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri,
Gəncə