Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncədə müxtəlif şəxsləri işə düzəltmək vədi ilə aldadaraq pul alan şəxsin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs tanışları ilə aralarında yaranmış etibarlı münasibətlərdən istifadə edərək Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində və digər qurumlarda əlaqələrinin olduğunu bildirib. O, müxtəlif şəxslərin özlərini və ya yaxınlarını işə düzəldəcəyini, başqa bir halda isə təqaüdü bərpa etdirəcəyini vəd edib.
İttihama əsasən, təqsirləndirilən şəxs zərərçəkmişlərdən birinə oğlunu Gəncədə yerləşən özəl şirkətlərdən birinə işə düzəldəcəyini vəd edib və bunun müqabilində 4 200 manat alıb.
Digər epizodda isə zərərçəkmiş şəxsi qızının təqaüdünü bərpa etdirəcəyinə inandıraraq müxtəlif vaxtlarda pul alıb. Bu epizod üzrə 28 min, 8 min 500 və 11 min Rusiya rublu, həmçinin 3 min manat pulun ələ keçirildiyi göstərilib. Məhkəmə materialında həmin vəsaitlərin ümumi dəyəri 3 885,45 manat kimi qeyd olunub.
Təqsirləndirilən şəxsin daha bir zərərçəkmişdən onun yaxınını məktəblərdən birinə mühafizəçi təyin etdirəcəyini vəd edərək 4 min manat aldığı bildirilir.
İttihama görə, daha sonra başqa bir zərərçəkmiş şəxsdən onun qızını Goranboy rayonunda yerləşən məktəblərdən birinə müəllim vəzifəsinə təyin etdirəcəyini vəd edərək 4 min manat alıb. Həmin şəxsdən baldızını bağçaya dayə kimi işə düzəltmək vədi ilə daha 4 min manat aldığı qeyd olunur.
Digər epizodda təqsirləndirilən şəxs zərərçəkmişi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində məsləhətçi vəzifəsinə təyin etdirəcəyinə inandırıb. Bu məqsədlə ondan 250 min Rusiya rublu və 1 200 ABŞ dolları alıb. Məhkəmə materialına əsasən, həmin məbləğlər müvafiq olaraq 4 064,75 manat və 2 040 manat təşkil edib. Beləliklə, həmin epizod üzrə zərərçəkmişə dəymiş zərər 6 104,75 manat olub.
Bundan başqa, təqsirləndirilən şəxsin bir zərərçəkmişdən yaxınını məktəbə mühafizəçi təyin etdirəcəyini vəd edərək 3 050 manat, digər zərərçəkmişdən isə həyat yoldaşını məktəbdə kitabxanaçı vəzifəsinə yerləşdirəcəyini bildirərək 3 950 manat aldığı göstərilir.
Beləliklə, cinayət işi üzrə ayrı-ayrı epizodlarda zərərçəkmişlərdən alındığı göstərilən pulların ümumi məbləği 33 190,20 manat təşkil edib.
İş materiallarına əsasən, təqsirləndirilən şəxs bəzi zərərçəkmişlərdə özünə qarşı inam yaratmaq üçün saxta sənədlər də hazırlayıb.
Belə ki, bir epizodda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərinin adından məsləhətçi vəzifəsinə təyin olunma barədə saxta əmr hazırladığı göstərilir. Sənədin üzərində saxta imza və QR kodun olduğu qeyd edilir.
Digər epizodda isə zərərçəkmiş şəxsin həyat yoldaşının məktəbdə kitabxanaçı vəzifəsinə təyin olunması barədə saxta əmr hazırlanaraq ona təqdim edilib.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs elan olunmuş ittihamları qəbul edib. O, əməlləri maddi ehtiyac səbəbindən törətdiyini bildirib.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (dələduzluğun təkrar törədilməsi) və 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi) ilə təqsirli bilib. Bu maddələr üzrə ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 320.1-ci maddəsi (hüquq verən rəsmi sənədləri qanunsuz hazırlama və ya saxtalaşdırma) ilə təqsirli bilinib və bu maddə üzrə ona 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə (cinayətlərin məcmusu üzrə cəzaların qismən və ya tamamilə birləşdirilməsi) əsasən, cəzalar qismən toplanıb.
Nəticədə təqsirləndirilən şəxsə qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Seyid