Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Gəncədə biznes, mehmanxana və istirahət xidmətlərini bir araya gətirən yeni çoxfunksiyalı kompleks fəaliyyətə başlayıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Biznes Mərkəzində yaradılan şəraitlə tanış olub.
Mərkəzin sahibi Elfaq Əliyev kompleksin infrastrukturu və burada göstərilən xidmətlər barədə məlumat verib. Bildirilib ki, klassik memarlıq üslubunda inşa olunan dördmərtəbəli binada ofislər, ortaq iş məkanları, konfrans və təlim zalları, restoran, kafe, mehmanxana və fitness mərkəzi yerləşir.
Kompleksdə fəaliyyət göstərən “LINE HUB Coworking” sahibkarlar, sərbəst və məsafədən çalışanlar, startaplar və kiçik komandalar üçün nəzərdə tutulub. Burada fərdi və birgə fəaliyyət, işgüzar görüşlərin və təlimlərin təşkili üçün müasir iş mühiti yaradılıb.
Şəhərə işgüzar səfərə və istirahətə gələn qonaqlar mərkəzin tərkibindəki 14 otaqlı, üçulduzlu “İmarət Hotel”in xidmətlərindən yararlana bilərlər. “Asma Bağlar” Art Restoranında isə milli mətbəx nümunələri Azərbaycan mədəniyyətini və incəsənətini əks etdirən interyerdə təqdim olunur.
Kompleksin “Alfa Fitness” mərkəzində qadınlar və kişilər üçün ayrıca məşq zalları ayrılıb, müasir idman avadanlıqları quraşdırılıb. Ofis istifadəçilərinin, mehmanxana qonaqlarının və digər ziyarətçilərin rahatlığı üçün təxminən 100 avtomobil tutan dayanacaq da yaradılıb.
Mərkəzin ayrı-ayrı bölmələrinə baxış keçirən Niyazi Bayramov kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri