Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Kəpəz” son iki ayda keçirdiyi 7 oyunda məğlubiyyət üzü görməyib. Azər Məmmədovun rəhbərlik etdiyi Gəncə təmsilçisi bu müddətdə bir oyun kubok olmaqla 5 qələbə qazanıb, 2 heç-heçə edib. Hazırda 5-ci pillədə qərarlaşan komandanı lider “Neftçi”dən cəmi 4 xal ayırır. “Sarı-göylər”in Misli Premyer Liqasında növbəti matçı da “Neftçi”yə qarşı olacaq. Bütün bunlarla bağlı baş məşqçi Azər Məmmədovun fikirlərini öyrəndik. O, QOL.az-a müsahibəsində bir sıra məqamlara toxundu.
- “Kəpəz” ardıcıl 7 oyundur uduzmur və onun 5-də qələbə qazanıb. Bu uğurlu gediş haqda nə deyə bilərsiniz?
- Premyer Liqanın ilk 10 turunun nəticələrinə nəzər salsaq, “Kəpəz”in çıxışını qənaətbəxş saymaq olar. Sevindirici haldır ki, komandamız əvvəlki illərlə müqayisədə çempionatın startında uğursuzluqla üzləşmədi, artıq bir neçə turdur yarış cədvəlinin ortalarında yer alırıq. İndi Gəncədəki hər qarşılaşmamız bayram əhval-ruhiyyəsində keçir.
- “Kəpəz” hücum xəttində çətinlik çəkirdi. Son 2 oyunda isə 3 qol vurmusunuz. Komandanızın artıq istədiyiniz oyunu sərgilədiyini demək olar?
- Hücum xəttindəki çətinlik Kennet Kalunqanın zədəli olması ilə bağlı idi. Kalunqa zədədən sonra formasını hələ tam bərpa etmədiyinə görə ona “İmişli”yə qarşı cəmi yarım saat oynamaq şansı verdik. Digər tərəfdən nəzərinizə çatdırım ki, bu mövsüm “Sabah”la açılış turundakı oyunu çıxsaq, “Kəpəz” qalan 9 matçın hamısında qol vurub. Turdan-tura komandamız daha yaxşı çıxış etməyə çalışır.
- Gəncədə daha inamlı oynayırsınız. Azarkeş amilinin təsiri nə dərəcədədir?
- Şübhəsiz ki, azarkeş amilini önə çıxarmaq lazımdır. Etiraf edim ki, gəncəli futbol həvəskarlarının dəstəyi olmasaydı, bəlkə də bu qədər xal toplaya bilməzdik. Bütün mətbuat konfranslarına bir qayda olaraq, azarkeşlərə təşəkkür etməklə başlayıram. Sizin saytınız vasitəsilə də “Kəpəz”sevərlərə bir daha minnətdarlığımı bildirirəm, onların etimadını doğrultmağa çalışacağıq. Düşünürəm ki, nəticələrin uğurlu olmasında əsas pay sahiblərindən biri azarkeş amilidir. Hələ mən futbolçu olarkən, gəncəli fanatların komandanı necə ruhlandırdığını bilirdim. İnanın ki, azarkeşlər gücümüzə güc qatır.
- Komandanın uğurlu çıxışlarından sonra yerli publika tərəfindən sizə dəstək hansı səviyyədədir?
- Söylədiyim kimi, yerli publika, azarkeşlər bizi çox dəstəkləyir. Hətta deyərdim ki, Gəncədə “Kəpəz”lə nəfəs alırlar. Artıq stadionumuzda yeni adət-ənənə formalaşmaqdadır. Oyunlarımıza ailəvi gələnlərin sayı xeyli artıb. Tribunalarda uşaqların və xanımların sayının artması xoş haldır. Mənə münasibət isə həmişəki kimi çox yaxşıdır.
- “İmişli” ilə oyunda məşqçi kimi ilk sarı vərəqəni aldınız. Çox emosional görünürdünüz. Bu haqda nə deyə bilərsiniz?
- (gülür) Düzgün qeyd etdiniz, bu, məşqçilik karyeramda ilk sarı vərəqədir. Futbolçu kimi nadir hallarda mənə sarı vərəqə göstərilib. “İmişli” ilə oyunda sarı vərəqə almağıma gəlincə, buna təəssüflənirəm. Amma bilirsiniz, futbolda emosiyaları cilovlamaq bir az çətindir. Buna rəğmən gələcəkdə texniki zona qaydalarını pozmamağa çalışacağam.
- Qarşıdan lider “Neftçi” ilə səfər oyunu gəlir. Komandanızda durum necədir və əzəli rəqibinizlə oyundan nə gözləmək olar?
- “Neftçi” ilə oyun ərəfəsində komandada vəziyyət yaxşıdır. “İmişli” ilə oyundan sonrakı qələbədən sonra kollektivdə əhval-ruhiyyə yüksəkdir. Bir günlük fasilədən sonra məşqlərə başlayacağıq. “Neftçi” də “Kəpəz” kimi Azərbaycanın köklü, zəngin tarixə malik klublarındandır. Bildiyiniz kimi, uzun illər çempionatın əsas derbisi bu iki komanda arasında olub. Noyabrın 6-da azarkeşlərin daha bir maraqlı qarşıdurma izləyəcəyinə inanıram. Məncə, çox maraqlı qarşılaşma olacaq. Rəqib Premyer Liqanın lideridir. Ümumiyyətlə, “Neftçi” kimi tarixi olan kluba qarşı komandanı motivasiya etmək daha asandır.
- Qələbələr artdıqda “Kəpəz”də hədəf dəyişirmi? Ümumiyyətlə, hazırda 4-cü olan “Kəpəz” medallar uğrunda mübarizə apara bilər?
- Mövsümün əvvəlində “Kəpəz” rəhbərliyi tərəfindən qarşımıza qoyulan hədəf Premyer Liqada yerimizi qorumaqdır. Öz aramızda razılaşmışıq ki, ilkin hədəfə çatarıqsa, bacardığımız qədər çox xal toplayıb mümkün qədər yüksək yerlər tutmağa çalışacağıq.
- Bir müddət əvvəl bildirmişdiniz ki, komanda gözləniləndən daha çox yaxşı nəticələr qazanıb və bu qədər mükafat nəzərdə tutulmamışdı. Büdcənin məhdud olduğunu da qeyd etmişdiniz. Hazırda komandaya mükafat ayırmaqda hər hansı çətinlik yoxdur ki?
- Heç kimə sirr deyil ki, “Kəpəz”in hazırda əsas sponsoru yoxdur. Ancaq bu, klubda maliyyə çatışmazlığı olması anlamına gəlmir. Qələbələrə görə futbolçu, məşqçi və texniki heyətə vəd olunan pul mükafatları vaxtında ödənilir. Bununla yanaşı, büdcəmizin daha çox olmasını, yaxşı transferlər üçün maliyyə mənbəyinin olmasını istərdik.
- Gəncə azarkeşləri illərdir iddialı “Kəpəz”i görmək istəyir. Siz onlara nə vəd edə bilərsiniz?
- “Kəpəz”in fanatları çempionluğa, kuboka, bir sözlə, hər şeyin ən yaxşısına layiqdir. Azarkeşlərin haqq etdikləri nailiyyətləri qazanmaq, onları sevindirmək üçün var gücümüzlə çalışırıq.
Ramiq Ağaməmmədov