Gəncədə milli mənəvi dəyərlərin qorunması və yaşadılmasından danışılıb

17.11.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Gəncədə milli-mənəvi dəyərlərin qorunması, zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə ötürülməsinə həsr olunmuş tədbir keçirilib. İlk tədbir Gəncə Dövlət Universitetində təşkil olunub.

Tədbirdə Gəncənin qədim tarixi, Azərbaycan xalqının milli-mədəni adət-ənənələri, mənəvi dəyərləri və bu dəyərlərin cəmiyyət həyatındakı yeri barədə geniş söhbət açılıb.

Çıxışlarda vurğulanıb ki, Gəncə əsrlər boyu Azərbaycanın elm, mədəniyyət və mənəviyyat mərkəzlərindən biri olub. Nizami Gəncəvi kimi dünya şöhrətli mütəfəkkiri yetişdirən bu şəhər öz tarixi yaddaşını, milli kimliyini və zəngin ənənələrini bu gün də yaşadır.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, universitetin kafedra müdiri Cavid Bağırzadə və başqaları çıxış ediblər.

Natiqlər milli-mənəvi dəyərlərin qorunmasında ailənin, təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin üzərinə düşən məsuliyyətdən danışıblar. Qeyd olunub ki, xalqı yaşadan yalnız onun tarixi və mədəniyyəti deyil, həm də bu irsə sahib çıxan, onu gələcəyə daşıyan nəsillərdir.

Çıxışlarda Vətən müharibəsi dövründə Azərbaycan gənclərinin göstərdikləri qəhrəmanlıq və fədakarlıq da xüsusi qeyd edilib. Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda döyüşən gənclərimiz Vətənə sevginin, milli ruhun və mənəvi dəyərlərə sədaqətin ən parlaq nümunəsini göstəriblər. Onların şücaəti bir daha sübut edib ki, vətənpərvərlik yalnız sözlə deyil, əməl və fədakarlıqla təsdiqlənir.

Tədbirdə milli adət-ənənələrimizin, böyüyə hörmət, kiçiyə qayğı, ailəyə bağlılıq, birlik və həmrəylik kimi mənəvi keyfiyyətlərin gənc nəslə aşılanmasının vacibliyi vurğulanıb.

Sonda qeyd olunub ki, milli-mənəvi dəyərləri qorumaq keçmişə ehtiram göstərməklə yanaşı, gələcək qarşısında da məsuliyyət daşımaq deməkdir. Bu dəyərlərin yaşadılması hər bir nəslin mənəvi borcudur.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью