Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid ailələri və müharibə iştirakçıları ilə növbəti görüş keçirib, onları narahat edən məsələləri fərdi qaydada dinləyib.
Səmimi şəraitdə keçən qəbul zamanı hər bir müraciətə ayrı-ayrılıqda baxılıb, qaldırılan problemlərin həlli yolları müzakirə olunub. Şəhid ailələrinin müraciətləri əsasən işlə təminat, mənzil növbəliliyi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, eləcə də müxtəlif sosial və məişət məsələləri ilə bağlı olub.
Niyazi Bayramov bildirib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinin qayğıları hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Onların problemlərinə həssas yanaşmaq, müraciətlərini vaxtında araşdırmaq və imkan daxilində həllinə nail olmaq hər bir məsul şəxsin borcudur.
Qəbul zamanı səsləndirilən müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumların nümayəndələrinə konkret tapşırıqlar verilib. Şəhər rəhbəri müraciətlərə formal yanaşılmamasını, hər bir məsələnin diqqətlə öyrənilməsini və nəticəsi barədə vətəndaşlara məlumat verilməsini tapşırıb.
Görüşdə bir daha qeyd olunub ki, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu insanların yanında olmaq, gündəlik qayğıları ilə maraqlanmaq, qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına kömək göstərmək həm də mənəvi məsuliyyətdir.
Qəbulda iştirak edən şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Axı şəhid ailələrinin qayğısına qalmaq təkcə onların müraciətlərini dinləməklə bitmir. Əsas məsələ həmin insanların problemlərinin həllinə kömək etmək, onlara çətin günlərində də arxalarında dövlətin dayandığını hiss etdirməkdir.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri