Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid ailələri ilə növbəti görüşünü keçirib. Görüşdə Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın doğmalarının qayğı və problemləri dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şəhid ailələrinin müraciətləri əsasən məşğulluq, mənzil növbəliliyi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və digər sosial məsələlərlə bağlı olub.
Niyazi Bayramov hər bir müraciətə həssaslıqla yanaşılmasının vacibliyini vurğulayaraq, qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlara konkret tapşırıqlar verib. Müraciətlərin bir qisminə yerində aydınlıq gətirilib, əlavə araşdırma tələb edən məsələlərin isə nəzarətdə saxlanılması və qanunvericiliyə uyğun həlli tapşırılıb.
Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhidlərimizin xatirəsini yaşatmaq, onların ailələrinin yanında olmaq təkcə dövlətin sosial siyasətinin deyil, həm də Vətən qarşısında mənəvi borcumuzun ifadəsidir.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri