Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

16.10.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə, 16 oktyabr, AZƏRTAC

Gəncə şəhərində Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən müşavirədə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov YAP-ın VIII Qurultayında Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən prioritetlərdən, ölkəmizin sosial-iqtisadi inkişafından, Gəncədə həyata keçirilən layihələrdən və milli təhlükəsizliyin mühüm tərkib hissəsi olan ideoloji təhlükəsizlik məsələlərindən bəhs edib.

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra keçirilən qurultay xüsusi tarixi və siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında milli təhlükəsizliyin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, əhalinin rifahının yüksəldilməsi və ideoloji təhdidlərin qarşısının alınması qarşıda duran mühüm vəzifələr kimi müəyyənləşdirilib,”- deyə N.Bayramov bildirib.

İcra başçısı vurğulayıb ki, ölkədə həyata keçirilən iqtisadi siyasətin müsbət nəticələri Gəncədə də özünü göstərir. Son illərdə şəhərdə 15 mindən çox yeni iş yeri yaradılıb, investisiyaların cəlb edilməsi, sahibkarlığın inkişafı və məşğulluğun artırılması istiqamətində mühüm addımlar atılıb. Əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Müşavirədə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Vətən müharibəsi şəhidi Mir-Yunis Seyidzadənin atası Mir-Hüseyn Seyidzadə, Gəncə şəhər 4 nömrəli xarici dillər təmayüllü məktəbin direktoru Əliağa Səfərəliyev, ehtiyatda olan baş leytenant, Vətən müharibəsi iştirakçısı Kənan Məlikov və Əməkdar müəllim Yeganə Səfərova da çıxış ediblər.

Çıxışlarda dövlət başçısının qurultaydakı nitqində irəli sürülən mühüm istiqamətlər, o cümlədən “Gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda formalaşdırılması”, “Məktəb və ailə əməkdaşlığı – uşaqların ideoloji təsirlərdən qorunmasında əsas amil”, “Şəhidlərin irsi, Vətən sevgisi və müstəqilliyin qiyməti”, “Vətən müharibəsi və müstəqilliyin qorunmasında vətəndaş məsuliyyəti” mövzuları ilə bağlı fikirlər səsləndirilib.

Müşavirənin sonunda qurultayın qərarlarından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Müxbir - Elcan Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью