Gəncədə yaşıl müzakirələr

15.09.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Nəbatat Bağı tərəfindən “İqlim dəyişmələri şəraitində flora müxtəlifliyinin  davamli ıdarə olunması”  mövzusunda dəyirmi masa təşkil olunub.

525.az xəbər verir ki, görüş zamanı iqlim və bitki örtüyü, biomüxtəlifliyin qorunması, şəhər yaşıllıqlarının səmərəli idarə olunması, bitki ehtiyatlarından davamlı istifadə və ekoloji tarazlığın təmin edilməsi məsələləri müzakirə edilib. Çıxışlarda xüsusilə Qərb bölgəsinin yerli və davamlı bitki növlərinin qorunmasının, yaşıllıq sahələrinin genişləndirilməsinin və müasir elmi yanaşmalar əsasında ardıcıl ekoloji monitorinqin aparılması istiqamətində fikir mübadiləsi aparılıb.

AMEA-nın müxbir üzvü, Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, professor Vaqif Novruzov mövzu üzrə çıxış edərək, müasir dövrdə iqlim dəyişmələrinin bitki örtüyünün növ tərkibinə, yayılmasına və ekoloji davamlılığına təsir göstərən əsas amillərdən birinə çevrildiyini bildirib.

“Bu baxımdan, flora müxtəlifliyinin qorunması yalnız ayrı-ayrı bitki növlərinin mühafizəsi ilə məhdudlaşmamalı, bütövlükdə ekosistemlərin və onların təbii inkişaf proseslərinin qorunmasına əsaslanmalıdır. Bu istiqamətdə botanika elminin, ali təhsil müəssisələrinin və elmi-tədqiqat qurumlarının əməkdaşlığının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır” – deyə, V. Novruzov bildirib.

Dəyirmi masada Nəbatat Bağının direktoru Nizami Nağıyev “Yaşıllaşdırmada idarəetmənin əsas istiqamətləri”, bitki ehtiyatları şöbəsinin müdiri, biologiya elmləri doktoru, professor Aynur Bayramova “Ekoloji çirklənmənin Gəncə şəhərinin bitki örtüyünə təsiri”, həmin şöbənin elmi işçisi İlhamə Hacıyeva “Azərbaycanın qərb bölgəsinin yaşıl parkları”,   biomühəndislik, biotexnologiya və geobotanika şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramidə Quliyeva “İqlim dəyişmələrinin Gəncə-Qazax bölgəsinin bitki örtüyünə təsiri, eləcə də Universitetin botanika kafedrasının dosenti Zərifə Tağıyeva “Qarabağın dərman bitkilərinin resurs potensialı”, Heydər Əliyev Park Kompleksinin idarə rəhbəri İlyas Məmmədov “Heydər Əliyev Park Kompleksinin müasir vəziyyəti” mövzularında məruzələrlə çıxış ediblər.

Mövzu ətrafında müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb, səmərəli təkliflər səsləndirilib.

Tədbirdən sonra iştirakçılar Heydər Əliyev Park Kompleksində olublar və orada ağaclar əkiblər.

Zakir Muradov, Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью