Gəncənin 9 əsrlik dəyişməz ünvanı

31.07.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nizami dühası şairin “axirət evi”ni qoruyub, bugünə çatdırıb

Hər dəfə Gəncədən Bakıya dönəndə yolumu azacıq dəyişirəm, sağa burulub körpünün üstünə qalxıram. Elə bil ayaqlarım yox, qəlbim məni Nizami Gəncəvinin uyuduğu müqəddəs məqbərəyə aparır. Bu, illərin adətidir. Bəzən vaxtım az olur, bəzən tələsirəm. Amma nə qədər tələssəm də, ziyarətsiz ötüb keçə bilmirəm.

Maşını saxlayıram. Düşürəm. Cəmi 4-5 dəqiqə… Kənarda dayanıb sakitcə baxıram.

Qəribədir, indiyə qədər neçə dəfə bura gəlsəm də, nədənsə, məzarının lap yanına gedə bilmirəm. Bunun səbəbini özüm də bilmirəm. Sanki, ayaqlarım getmir. Elə uzaqdan dayanıb baxıram. Bilmirəm, bəlkə də, hər böyük adamın qarşısında insanın özündən asılı olmayaraq bir məsafə yaranır. Nə bilim, yəqin, həmin səddi keçməyə cürət eləmirəm.

Sonra başlayırıq söhbətə.

Təbii ki, səssiz-səmirsiz. Kənardan baxan elə bilər ki, bir adam dayanıb daşa-heykələ baxır. Amma mən bilirəm ki, həmin o 4-5 dəqiqədə neçə-neçə fikrin içindən keçirəm. Elə suallar olur ki, cavabını heç kimdən ala bilmirsən. Amma əsrlərdir “axirət evi”ndə uyuyan bir şairin yanında qəribə bir rahatlıq tapırsan.

Düşünürəm… İnsan nə qədər yaşamalıdır ki, ölməsin? Nizami cəmi bir ömür yaşadı. Amma 9 əsrə yaxındır ki, haqqında danışılır. Elə buna görə də adam anlayır ki, ömrün uzunluğu heç də təqvimlə ölçülmür. Ömür bəzən bir cümlənin içində də yüz illərlə yaşaya bilir. Məsələn, Nizami deyirdi:

Qüvvət elmdədir,
başqa cür heç kəs,
Heç kəsə üstünlük
eyləyə bilməz.

Bu misraları məktəbdə də oxumuşuq. Amma yaş artdıqca həmin sözlərin çəkisi də artır. Hər dəfə məqbərənin qarşısında dayananda elə bilirəm ki, o misralar kitabdan çıxıb əks-səda verir.

Bir də qəribə bir hiss keçirirəm. Fikirləşirəm ki, görəsən, Nizami bu gün Gəncəyə baxsaydı, nə deyərdi? Küçələrə, insanlara, bizim qayğılarımıza, sevincimizə baxıb hansı misranı yazardı? Yoxsa susardı? Axı bəzən susmaq da ən böyük cavab olur.

Orada dayananda adam istər-istəməz özünü də sorğu-suala çəkir. Bu dünyadan gedəndə arxamızca nə qalacaq? Bir neçə şəkil? Bir neçə sənəd? Yoxsa kiminsə ürəyinə toxunan bir söz?

Axı insanı yaşadan nəfəsi deyil. Onu yaşadan xatirəsidir.Nizaminin məqbərəsinin qarşısında bunu daha aydın hiss edirsən. Çünki qarşında torpaq altında yatan bir insan yox, əsrləri aşıb gələn əbədiyyət yolçusudur.

Bəzən baxıram ki, turistlər gəlir, şəkil çəkdirirlər, çıxıb gedirlər. Mən isə bunu bacarmıram. Telefonu cibimdən çıxarmağa belə əlim gəlmir. Elə bilirəm ki, o anı şəkilə çevirmək onu kiçiltmək olar. Axı elə hisslər var ki, onlar yalnız yaddaşda qalmalıdır.

Nizaminin məzarı heç vaxt adi bir qəbir olmayıb. Əsrlər boyu bura sözün, hikmətin və böyük düşüncənin ziyarətgahına çevrilib. Tarixi miniatürlərdə, köhnə rəsmlərdə, fotolarda və səyyahların qeydlərində də bunu görmək mümkündür. İnsanlar bu məkana ehtiramla baş əyib, Nizaminin sözünə və şəxsiyyətinə hörmətlərini ifadə ediblər. Bəlkə, elə ona görədir ki, hər dəfə məqbərənin qarşısında dayananda düşünürəm: yəqin, həmin sükutun içində əsrlərin ayaq səsləri var.

4-5 dəqiqə keçir. Maşına minib yoluma davam edirəm. Hər dəfə oradan ayrılarkən qəribə bir hiss keçirirəm. Elə bilirəm, söhbət yarımçıq qaldı. Sanki, bir az da dayansaydım, bir hikmətli misra eşidəcəkdim.

Amma, əslində, oradan ayrılsam da, ürəyimin bir parçası həmişə məqbərənin qarşısında qalır. Mənə elə gəlir ki, böyük adamların qəbirləri insanı ölüm haqqında yox, necə yaşamaq barədə düşündürür. Nizaminin məqbərəsindən hər dəfə ayrılanda bu hikməti bir daha yəqin edirəm.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью