Icma.az bildirir, Azertag portalına istinadən.
Gəncə, 16 noyabr, AZƏRTAC
Beşinci Gəncə Kitab Sərgisi çərçivəsində “XIX–XX əsrlərdə Gəncə şəhərinin ənənəvi maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)” adlı monoqrafiyanın müəllifi, Etno Miras Araşdırma və Tədqiqat Mərkəzinin direktoru, Gəncə Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Nurlana Həmzəyeva ilə oxucuların görüşü və imza saatı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Gəncədə fəaliyyət göstərən idarə və təşkilatların rəhbərləri, ziyalılar, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nurlana Həmzəyeva monoqrafiyanın 13 il ərzində ərsəyə gəlməsindən, Gəncənin zəngin etnoqrafik irsinin öyrənilməsinin elmi və tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, xalqların maddi mədəniyyətinin, milli-mənəvi dəyərlərinin araşdırılması onların etnik tarixinin öyrənilməsində mühüm rol oynayır. Bu baxımdan ənənəvi şəhər mühitinin tədqiqi xüsusi əhəmiyyət daşıyır.
Monoqrafiyanın hazırlanması zamanı tarixi mənbələrdən, etnoqrafik ədəbiyyatdan, muzey eksponatlarından və çöl-etnoqrafik materiallarından istifadə olunub. Nəşrdə Gəncənin yaranma tarixi və tarixi yerdəyişmələri, təbii-coğrafi şəraiti, təsərrüfat və məişət həyatı, xalq yaşayış evləri, ənənəvi yeməkləri, geyimləri və bəzəkləri geniş araşdırılıb.
Qeyd edilib ki, kitabın redaktoru professor Nərgiz Quliyeva, rəyçiləri Milli Məclisin deputatı Pərvin Kərimzadə, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov və tarix üzrə fəlsəfə doktoru, dosent Şövqi Həsənovdur.
Təqdimatda çıxış edən qonaqlar nəşrin Azərbaycan etnoqrafiya elmi üçün əhəmiyyətini vurğulayıb, Gəncənin maddi irsinin sistemli araşdırılmasının həm tədqiqatçılar, həm də gənc nəsil üçün dəyərli mənbə olduğunu bildiriblər.
Sonda müəllif oxucuların suallarını cavablandırıb və kitablarını imzalayıb.
Müxbir - Elcan Məmmədov