Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ağsaqqal sözü həyatın sınaqlarından keçmiş təcrübənin səsidir. Bu sözə qulaq asmaq həm keçmişə ehtiram, həm də gələcəyə qayğı deməkdir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun şəhər ağsaqqalları ilə görüşündə də doğma şəhərin bugünü və sabahı barədə söhbət açılıb.
Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, şəhər icra hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər.
Səmimi söhbət zamanı Gəncədə aparılan abadlıq-quruculuq işləri, sosial-iqtisadi inkişaf, infrastrukturun yenilənməsi və sakinlərin rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər müzakirə olunub. Ömrünün böyük bir hissəsini bu şəhərdə yaşamış, onun qayğılarını və sevinclərini bölüşmüş insanların fikir və tövsiyələri dinlənilib.
Niyazi Bayramov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə göstərdikləri xüsusi diqqət və qayğıdan danışıb. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun həyata keçirilən quruculuq işlərinin, sosial infrastrukturun yenilənməsinin sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirib.
Şəhər rəhbəri Gəncənin inkişafında ağsaqqalların zəngin həyat təcrübəsinin, dəyərli məsləhətlərinin və ictimai fəallığının mühüm rolunu vurğulayıb. Çünki şəhərin gələcəyini düşünərkən onun keçdiyi yolu yaxşı bilən insanların sözünə də ehtiyac var. Hər tövsiyənin arxasında illərin müşahidəsi, doğma yurda bağlılıq dayanır.
Qarşıdan gələn 8 Noyabr-Zəfər Günü görüşə xüsusi ovqat qatıb. Niyazi Bayramov ağsaqqalları bayram münasibətilə təbrik edib, bu tarixi günün xalqımız üçün əhəmiyyətindən bəhs edib. Uzun illər Qarabağ həsrəti ilə yaşamış nəslin nümayəndələri üçün Zəfər həm də ömürlərinin ən böyük arzularından birinin gerçəkləşməsidir.
Ağsaqqallar dövlət başçısının Gəncəyə diqqət və qayğısını yüksək qiymətləndirib, şəhərdə görülən işlərlə bağlı fikirlərini, təklif və tövsiyələrini bölüşüblər.
Gəncənin yenilənən simasında quruculuq əməyi, mənəvi həyatında isə nəsillərdən gələn sözün, məsləhətin öz yeri var. Ağsaqqalların dinlənildiyi belə görüşlər doğma şəhərin gələcəyinə ortaq məsuliyyət hissini gücləndirir.
Hamlet Qasımov
XQ-nın Gəncəbasar müxbiri