Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Raket zərbələrindən hər daşı titrəmiş şəhər qısa müddətdə yaralarını sağaltdı
6 il əvvəl Gəncəyə atılan raketlər evləri dağıtdı, insan ömürlərini yarımçıq qoydu, amma bu qədim şəhərin iradəsini sındıra bilmədi... Bəzən 6 il bir göz qırpımında ötüb gedir. Bəzən isə insan ömrünün ən uzun, ən ağır, ən unudulmaz illərinə çevrilir. Gəncə üçün 2020-ci ilin oktyabrı məhz belədir.
Üstündən illər keçsə də, o gecələrin ağrısı hələ də bu şəhərin yaddaşındadır. Çünki raketlərin dağıtdığı evləri yenidən tikmək, uçulmuş divarları bərpa etmək olar. Yarımçıq qalan ömürləri geri qaytarmaq, övladını itirmiş ananın qəlbindəki boşluğu doldurmaq isə mümkün deyil.
2020-ci il oktyabrın 17-nə keçən gecə Gəncə 5-ci dəfə Ermənistan silahlı qüvvələrinin raket hücumuna məruz qaldı. Bu, adi bir hərbi hadisə deyildi. Cəbhədən uzaqda yerləşən, sakinləri öz evlərində yaşayan qədim bir şəhərə qarşı törədilmiş dəhşətli cinayət idi. Həmin gecə Gəncə yatmışdı. İnsanlar sabaha ümidlə gözlərini yummuşdular. Kiminin övladı cəbhədə idi, kimi hər gün qələbə xəbərini gözləyirdi. Heç kimin ağlına gəlməzdi ki, bir neçə dəqiqədən sonra şəhərin yaşayış məhəllələrindən birində evlər dağılacaq, ailələr bir-birindən ayrı düşəcək, neçə-neçə insanın həyatı birdəfəlik dəyişəcək.
Düzdür, düşmən Gəncəni ilk dəfə oktyabrın 4-də raket atəşinə tutmuşdu. Sonra 5-də, 8-də, 11-də. Amma bu dəfə… 5 hücum. 5 dəfə sınağa çəkilən şəhər. 5 dəfə insanların rahatlığını, təhlükəsizliyini, yaşamaq haqqını əlindən almaq cəhdi. Ən dəhşətlisi isə sonuncu hücum oldu... Oktyabrın 17-nə keçən gecə, saat 1 radələrində şəhərin yaşayış məhəllələri yenidən güclü partlayış səslərinə büründü. Ermənistan silahlı qüvvələrinin atdığı ballistik raketlər dinc insanların yaşadığı ərazilərdə böyük dağıntılara səbəb oldu. Bir neçə saniyə içində neçə-neçə ailənin həyatı alt-üst oldu. Kimisi övladını, kimisi valideynini, kimisi də bütün ailəsini itirdi.
Baş Prokurorluğun məlumatına görə, hücum nəticəsində 15 nəfər həyatını itirdi, 79 nəfər yaralandı. Həlak olanların 6-sı uşaq idi. Bu rəqəmləri yazmaq asandır. Amma hər rəqəmin arxasında bir insan ömrü, bir ailənin faciəsi, həyata keçməyən arzular dayanır. Onların arasında 11 yaşlı Orxan Xəlilli, 6 yaşlı bacısı Məryəm, 18 yaşlı Ləman Qəhrəmanova da vardı. Balaca Məryəmin uşaqlığı, Orxanın sabahı, Ləmanın gənclik arzuları yarımçıq qaldı. Bir ailədən 4 nəfərin – Xatirə Qəhrəmanovanın, övladları Orxan və Məryəm, eləcə də Ləmanın həyatını itirməsi həmin gecənin ən ağır faciələrindən biri idi. Ramiz Qəhrəmanov bir gecədə qızını və 3 nəvəsini itirmişdi. Bir ata üçün bundan ağır dərd olarmı? İnsan nə qədər güclü olsa da, belə müsibətin qarşısında söz tapmaq çətindir.
Başqa bir ailədə 15 yaşlı Nigar Əsgərova həyatını itirmişdi. Oktyabrın 18-i onun doğum günü idi. Amma həmin gün doğmaları ona xoşbəxtlik arzulamaq əvəzinə, məzarı başında göz yaşı tökdülər... Bir anlıq düşünün: bir gün sonra ad gününü qeyd etməyə hazırlaşan uşağın, səhəri gün məktəbə getməli olan şagirdin, övladının gələcəyi haqqında xəyallar quran ananın hansı günahı vardı?!
O gecə Gəncənin Muxtar Hacıyev küçəsində evlərlə, digər tikililərlə yanaşı, insanların arzuları, illərlə qurduqları ocaqları da dağıntılar altında qalmışdı. Səhər açılanda şəhər, sanki, başqa bir mənzərə ilə üz-üzə idi. Dağılan evlərin yerində ucalan toz buludu çəkilmişdi. Amma insanların gözlərindən yaş, ürəklərindən ağrı çəkilmirdi. Xilasedicilər, həkimlər, polis əməkdaşları, könüllülər hadisə yerlərinə tələsirdilər. İnsanlar tanıyıb-tanımadıqlarına kömək etməyə çalışırdılar. Gəncəlilər bir daha göstərdilər ki, ən ağır gündə bir-birinə dayaq olmağı bacarırlar.
Ümumilikdə, oktyabrın 4, 5, 8, 11 və 17-də şəhərə endirilən raket zərbələri nəticəsində 26 mülki şəxs həyatını itirdi, 175 nəfər yaralandı. Dağılan evlərin sayı, vurulan maddi ziyan hesablandı. Amma mənəvi itkilərin, ömürlük yaddaşlara həkk olunan ağrıların hesabını kim apara bilərdi?
Mən həmin günlərin şahidiyəm. Hadisə yerlərində olmuşam, dağıntıları görmüşəm, yaxınlarını axtaran insanların nigaran baxışları ilə qarşılaşmışam. O günlərdə qəzetimiz üçün qələmə aldığım yazılarda gördüklərimi, eşitdiklərimi, insanların yaşadıqlarını oxuculara çatdırmağa çalışmışam. Xatırlayıram, ilk raket hücumunun qurbanı 20 yaşlı Tunar Əliyev olmuşdu. Əsgərlərə sovqat aparmağa hazırlaşırdı. Anası səhər onu oyatmağa qıymamışdı. Sonra özü oyanıb evdən çıxmışdı. Anasına dediyi son sözlər isə bu gün də ailənin yaddaşında yaşayır...
Gəncə həm də 5 yaşlı Bəxtiyarın simasında bütün dünyaya bir həqiqəti göstərdi: bu xalqı qorxutmaq, onun iradəsini sındırmaq mümkün deyil. Həmin günlərdə şəhərin küçələrində qəribə bir mənzərə vardı. Bir tərəfdə dağıntılar, kədər, göz yaşları, digər tərəfdə isə cəbhədən gələn qələbə xəbərləri. İnsanlar həm şəhidlərinə ağlayır, həm də torpaqlarımızın azad olunmasına sevinirdilər. Göz yaşı ilə qürur bir-birinə qarışmışdı. Bəli, Gəncə ağır günlər yaşayırdı. Amma sınmırdı...
Təsəvvür edin: gecə yarısı şəhərin yaşayış məhəlləsinə raket düşür. Evlər dağılır, insanlar yaralanır, ailələr bir anda başsız qalır, kimisi bütün əmlakını itirir. Səhərin açılmasını gözləmək olmaz. İnsanlara dərhal kömək göstərilməli, yaralılar xəstəxanalara çatdırılmalı, evsiz qalanlar müvəqqəti yaşayış yerləri ilə təmin edilməli, zərərçəkən ailələrin ehtiyacları müəyyənləşdirilməlidir.
Lakin çətinliklər bununla bitmirdi. Cəbhədən şəhid xəbərləri gəlirdi. Şəhidlərin qarşılanması, dəfn mərasimlərinin təşkili, ailələrinin qayğılarının öyrənilməsi, yas mərasimləri ilə bağlı məsələlərin həlli, yaxınlarına maddi-mənəvi dəstək göstərilməsi xüsusi diqqət tələb edirdi. Hər bir şəhid ailəsinin dərdi ayrı idi. Bir evdə ata oğlunu, başqa evdə ana balasını, digər ailədə övladlar atasını gözləyirdi...
Belə məqamlarda insanın vəzifəsindən, tutduğu mövqedən əvvəl onun insani keyfiyyətləri üzə çıxır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun həmin illərdəki fəaliyyətini qiymətləndirərkən bu ağır şəraiti nəzərə almamaq ədalətsizlik olardı. Çünki şəhər rəhbərliyinin işi yalnız cari təsərrüfat məsələlərini həll etməkdən ibarət deyildi. Gəncənin yaralarını sarımaq, insanlara dayaq olmaq, şəhərin normal həyata qayıtmasına kömək etmək lazım idi.
Əlbəttə, bütün bu işlərin bir nəfərin gücü ilə görüldüyünü söyləmək düzgün olmazdı. Bu gün həmin hadisələri xatırlayanda Şəhər rəhbəri Prezident İlham Əliyevin rəhbərliyinə verdiyi önəmi də xüsusi qeyd etmək istəyirəm. Onun mövqeyinin mahiyyəti belədir: bütün bu ağır işlərin öhdəsindən gəlmək bir şəhər rəhbərinin təkbaşına bacaracağı məsələ deyildi. Dövlət başçısının diqqəti, tapşırıqları, dövlətin bütün imkanlarının səfərbər olunması həlledici əhəmiyyət daşıyırdı.
Bu fikirdə böyük bir həqiqət var. Həmin günlərdə Prezident İlham Əliyev həm cəbhədə gedən hərbi əməliyyatlara rəhbərlik edir, həm də Ermənistanın mülki əhaliyə qarşı törətdiyi hücumlara beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilməsi istiqamətində qətiyyətli mövqe nümayiş etdirirdi.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə faciəsi ilə bağlı ifadə etdiyi mövqe yaddaşlardan silinmir: Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kim onun sakinlərinin məğrur ruhunu sındıra bilməz. Bu sözlər həmin ağır günlərdə gəncəlilər üçün həm təsəlli, həm də mənəvi dayaq idi. Dövlət başçısının diqqəti, aidiyyəti dövlət qurumlarının fəaliyyəti, xilasedicilərin, həkimlərin, polislərin, könüllülərin fədakarlığı, yerli icra strukturlarının gördüyü işlər bir-birini tamamlayırdı.
Təbii ki, hər bir böyük şəhərdə olduğu kimi, Gəncədə də həllini gözləyən məsələlər, çatışmazlıqlar, vətəndaş narazılıqları olub və bu gün də var. Ancaq bütün bunlar bir həqiqəti kölgədə qoymamalıdır: Niyazi Bayramovun rəhbərlik illərini yalnız adi günlərin meyarları ilə qiymətləndirmək olmaz. Bu illərin içində pandemiya da var, müharibə də, raket hücumları da, yüzlərlə ailənin ağır qayğıları da...
Tarix isə belə dövrləri unutmur. Gəncə də unutmur. Amma Gəncə təkcə ağrılarını yaşamaqla kifayətlənmədi. Bu qədim şəhər öz yaralarını sarıya-sarıya böyüdü, dəyişdi, gözəlləşdi. Son illər şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri Gəncənin simasını xeyli dəyişib. Küçə və prospektlərdə aparılan əsaslı təmir işləri, yeni asfalt örtüyünün salınması, səkilərin abadlaşdırılması, yaşayış binalarının fasadlarının yenilənməsi, dam örtüklərinin dəyişdirilməsi şəhərə yeni görkəm verib. Xüsusilə Atatürk prospektində, Gəncəçay Park-Bulvar Kompleksində, Fikrət Əmirov adına parkda, Nizami Parkında, Xan bağında, Gəncə Ekoloji Park Kompleksində görülən işlər diqqəti cəlb edir.
Şəhərin küçələri, istirahət guşələri, yaşıllıq sahələri, ictimai məkanları yeniləşir. Bütün bunlar həm gəncəlilərin gündəlik həyatına, həm də qədim şəhərin ümumi görkəminə müsbət təsir göstərir. Bir vaxtlar tozlu-torpaqlı çala-çuxurlu olan yolların təmir edilməsi, asfalt örtüyünün yenilənməsi, park və xiyabanların abadlaşdırılması, yaşayış binalarının görkəminin yaxşılaşdırılması, ictimai məkanların səliqəyə salınması sıradan təsərrüfat işləri deyil. Bütün bunların arxasında şəhərin rahatlığı, insanların gündəlik yaşayışı, Gəncənin sabahı dayanır.
Əlbəttə, Gəncə böyük şəhərdir. Onun bütün problemlərini bir neçə ilə həll etmək mümkün deyil. Amma görülən işlərin miqyasını da inkar etmək olmaz. Əsas odur ki, quruculuq davam etsin, şəhərin mərkəzi ilə yanaşı, kənar məhəllələri də diqqətdən kənarda qalmasın. Bu işlərin arxasında, ilk növbədə, Prezident İlham Əliyevin Gəncəyə xüsusi diqqət və qayğısı dayanır. Dövlət başçısının tapşırıqları əsasında həyata keçirilən layihələrin icrasında şəhər rəhbərliyinin də üzərinə mühüm vəzifələr düşür. Niyazi Bayramovun aparılan işlərin gedişi ilə mütəmadi tanış olması, aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi, şəhərin abadlıq məsələlərinin diqqətdə saxlanılması bu baxımdan qeyd edilməlidir.
Gəncənin son illərdəki inkişafından danışarkən 2025-ci ildə keçirilmiş III MDB Oyunlarını vurğulamamaq mümkün deyil. Bu mötəbər idman tədbiri qədim şəhərin tarixində yeni səhifə açdı. Ötən il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində təşkil edilən Oyunların açılış və bağlanış mərasimlərinin məhz Gəncəyə həvalə edilməsi təsadüfi deyildi. Qafqazın böyük mədəniyyət mərkəzlərindən biri olan Gəncə bu dəfə beynəlxalq idman tədbirinin əsas ünvanına çevrildi. Şəhərdə yeni idman infrastrukturu yaradıldı, Gəncə İdman Sarayı inşa olundu, şəhər stadionu yenidən quruldu. İdman obyektlərinin ətrafında, əsas küçə və prospektlərdə aparılan abadlıq işləri şəhərin görkəminə əlavə rəng qatdı.
III MDB Oyunlarına hazırlıq təkcə idman yarışlarının təşkili demək deyildi. Bu, həm də şəhərin infrastrukturunun yaxşılaşdırılması, nəqliyyat yollarının abadlaşdırılması, ictimai məkanların yenilənməsi, Gəncənin qonaqları layiqincə qarşılaması üçün geniş təşkilati işlərin görülməsi demək idi.
Bütün bunlar şəhər rəhbərliyi qarşısında da ciddi vəzifələr qoyurdu. Niyazi Bayramovun bu prosesdəki təşkilatçılıq fəaliyyəti, aparılan işlərə yerində nəzarəti, müvafiq qurumlarla əməkdaşlığın təmin olunması diqqətəlayiqdir. 2025-ci il sentyabrın 28-də III MDB Oyunlarının Gəncədə keçirilən təntənəli açılış mərasimində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı şəhərimiz üçün əlamətdar hadisə idi. Bu mərasimin xüsusi mənəvi mənası da vardı.
Dövlət başçısı və birinci xanım açılışdan əvvəl Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxınlarını itirmiş, eləcə də xəsarət almış uşaqlarla görüşdülər. Nə qədər təsirli mənzərə idi! 5 il əvvəl raketlərin dağıtdığı, bütün dünyanın diqqətini faciə ilə özünə çəkən Gəncə bu dəfə beynəlxalq idman bayramının təntənəsi ilə gündəmə gəlirdi. Bir vaxtlar şəhərin səmasında partlayış səsləri eşidilirdisə, indi stadionda alqışlar yüksəlir, dövlətlərin bayraqları dalğalanırdı.
O gecələrin qaranlığını yaşayan şəhər indi işıqlı meydanları, abad prospektləri, yenilənmiş stadionu, qonaqpərvər insanları ilə dünyanın qarşısına çıxmışdı. Bütün bunlar bir həqiqəti göstərir: Gəncə yaşamağı, qurub-yaratmağı, irəli getməyi bacaran şəhərdir.
Beləcə, bir vaxtlar yaralarını sarıyan Gəncə bu gün öz inkişafının yeni səhifələrini yazır. Bu səhifələrdə həm dövlət qayğısı, həm zəhmət, həm də doğma şəhərə məhəbbət var. 6 il əvvəl raketlərin dağıtdığı məhəllələrdə bu gün başqa bir həyat davam edir. İnsanlar işə gedir, uşaqlar məktəbə tələsir, şəhərin küçələrində gündəlik həyat öz axarı ilə sürür. Ancaq bu sakitliyin arxasında böyük ağrılar, böyük mübarizə və böyük Qələbə dayanır. Bu gün Gəncədə ucaldılmış Memorial Kompleks də yalnız xatirə məkanı deyil, həm də dünyanın görməli olduğu həqiqətlərin daşlara, divarlara, insan yaddaşına həkk olunmuş ifadəsidir. Prezident İlham Əliyevin iştirakı ilə açılmış kompleks gələcək nəsillərə 2020-ci ilin qanlı oktyabr günlərini xatırladacaq.
Bir vaxtlar həmin yerlərdə dağıntılar qarşısında dayanıb baş verənləri qələmə alırdıq. İndi isə illər sonra yenidən o günlərə qayıdır, gördüklərimizi, yaşadıqlarımızı xatırlayırıq. Deyirlər, zaman hər yaranı sağaldır. Mən buna tam inanmıram. Zaman bəzi ağrıları səngidə bilər, amma övladını itirən ananın dərdini, atasız böyüyən uşağın həsrətini, bir gecədə ailəsini itirmiş insanın kədərini yaddaşlardan silə bilməz. Heç silməməlidir də. Çünki unutmaq bəzən tarix qarşısında ən böyük haqsızlıqdır.
Bu gün Gəncə 6 il əvvəlkindən fərqli görünür. Şəhər yaşayır, qurulur, yeniləşir. Amma onun yaddaşında həmin oktyabr gecələrinin silinməyən izləri var. O izlər bizə təkcə yaşadığımız faciəni deyil, həm də xalqımızın ən çətin məqamlarda necə birləşdiyini, bir-birinə necə dayaq olduğunu, dövlətin və xalqın birliyinin nə qədər böyük gücə çevrildiyini göstərir.
44 günlük Vətən müharibəsi Azərbaycanın tarixinə şanlı Zəfər kimi yazıldı. Gəncənin yaşadığı faciələr isə həmin Zəfərə aparan yolun nə qədər ağır olduğunu göstərdi.
6 il əvvəl düşmən bu şəhəri qorxutmaq, onun iradəsini sındırmaq istəyirdi. Bacarmadı. Çünki Gəncə təkcə Nizaminin, Məhsətinin, Cavad xanın şəhəri deyil. Gəncə həm də ən ağır günündə qürurunu itirməyən, dağıntılar arasında bir-birinə əl uzadan, şəhidlərini ehtiramla yola salan, yaralarını sarıyıb yenidən ayağa qalxan insanların şəhəridir. O gecə raketlər Gəncənin evlərini dağıtdı, amma ruhuna toxuna bilmədi. İndi həmin gecədən 6 il keçir... Gəncə yaşayır. Gəncə yaralarını unutmur. Gəncə şəhidlərini unutmur. Və Gəncə bir həqiqəti heç vaxt unutmayacaq: şəhərləri yalnız binalar, küçələr, meydanlar yaşatmır. Şəhərləri ən ağır günlərdə də bir-birinə dayaq olan insanlar yaşadır.
Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri