Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncənin yayı bir başqadır. Özü də söhbət təkcə istidən getmir. İsti hər yerdə olur. Amma hər şəhərin istisi də eyni olmur.
Gəncənin yayını fərqləndirən təkcə havası deyil. Burada yaşayan insanların gündəlik həyatı da bu fəslə ayrı bir rəng qatır.
Səhər hələ tam açılmamış küçələrdə ilk görünənlər kommunal təsərrüfat işçiləri olur. Küçələri yuyur, ağaclara, güllərə su verirlər. Günəş şəhərin üstünə tam qalxmamış asfalt artıq islanır, havaya torpaq iyi qarışır. O saatlarda parklardakı skamyalarda ilk sakinlər də görünür. Kimi qəzet oxuyur, kimi telefonuna baxır, kimi də sadəcə oturub ətrafı seyr edir. Çayxanalarda samovar qaynayır. Şəhərin günü də belə başlayır.
İyulun ortaları, avqustun əvvəllərinə doğru istilər daha da artır. Günorta küçələr sakitləşir. Elə bil şəhər bir neçə saat nəfəsini dərir. Mağazaların qarşısında kölgə axtaranlar görünür, həyətlər sakitləşir. Amma axşam düşən kimi hər şey dəyişir. Gün ərzində boş qalan küçələr yenidən adamla dolur.
Gəncənin yayında ağacların, gül-çiçəyin, yaşıllığın da xüsusi yeri var. Şəhərin müxtəlif yerlərində uzanan çinarlar, sərvlər, parklar və xiyabanlar yayın ən isti günlərində belə adamı kölgəsiz qoymur. Yayın qızmar çağında insanı ən çox elə həmin ağacların kölgəsi rahatladır.
Axşamlar Cavad xan küçəsində, Nizami prospektində, Heydər Əliyev Park-Kompleksində, Xan bağında, Baş meydanda adam əlindən tərpənmək olmur. Ailələr gəzməyə çıxır, uşaqlar velosiped sürür, gənclər dondurma alıb söhbət edə-edə addımlayırlar. Yaşlılar skamyalarda əyləşib dünyanın hər mövzusundan danışırlar. Bu mənzərəni Gəncədə hər yay görmək olur.
Şəhərin fəvvarələri də yayın istisində ayrı bir rahatlıq gətirir. Günün istisində suyun səsi adama qəribə rahatlıq verir. Uşaqlar oynayır, böyüklər kölgədə əyləşib söhbətləşirlər. Bəzən adam bir neçə dəqiqə dayanıb yalnız suyun səsini dinləyir.
Su demişkən, Gəncədə yayın səhəri bir başqa mənzərə ilə də başlayır. Ağ sugətirən maşınların siqnalı ilə. Bu səs burada böyüyən hər kəsə tanışdır. Hələ hava tam işıqlanmamış məhəllədə siqnal eşidilən kimi həyətlər canlanır. Kimi vedrəsini götürür, kimi çənini Göygöldən gətirilən ağ su ilə doldurmağa tələsir. Elə həmin vaxt qonşular da bir-birini görür, salamlaşır və beləcə günün ilk söhbətləri başlanır. Kənardan baxan üçün adi mənzərədir. Amma şəhəri yadda saxladan da elə belə xırda şeylər olur.
Bir vaxtlar yay axşamlarının tamam başqa ab-havası vardı. Həyətlərə stullar düzülərdi. Qapılar açıq qalardı. Böyüklər söhbət edər, uşaqlar gecəyə qədər küçədə oynayardı. İndi həyat dəyişib, insanlar da əvvəlki qədər həyətdə oturmurlar. Amma şəhərin bəzi məhəllələrində həmin ənənənin izi hələ də yaşayır. Axşam düşəndə qapı ağzında oturanlara, küçədə oynayan uşaqlara baxanda adama elə gəlir ki, illər o qədər də uzaqlaşmayıb.
Yay aylarında Gəncəyə gələnlərin sayı da artır. Kimisi Nizaminin şəhərini görmək istəyir, kimisi Göygölə, Maralgölə, Hacıkəndə üz tutur. Amma çoxunun yadında qalan başqa şey olur. Burada insanlar hələ də bir-birinə salam verir, hal-əhval tutur. Gələnlərin çoxu da məhz bunu xatırlayır.
Son illər görülən abadlıq işləri isti aylarda daha çox nəzərə çarpır. Yenilənən parklar, salınan yaşıllıqlar, abadlaşdırılan küçələr insanların istirahətini xeyli rahatlaşdırıb. Əlbəttə, görüləsi işlər hələ də qalır. Xüsusilə yayın qızmar günlərində ağacların qorunması, yaşıllıqların vaxtında suvarılması, küçələrin təmiz saxlanılması daha böyük əhəmiyyət daşıyır. Çünki şəhərin gözəlliyi təkcə tikililərdə deyil, onun baxımlı küçələrində və qorunan yaşıllığındadır.
Yay həm də bazarların mövsümüdür. Qarpız, yemiş, şaftalı, ərik, alça, tut… Meyvə sıralarına baxan adam anlayır ki, yay öz bərəkəti ilə gəlib. Bu dadı başqa fəsildə tapmaq olmur.
Axşam sərinliyi düşəndə gəncəlilər yenidən küçələrə çıxır. Gün ərzində evdən çıxmayanlar da həmin saatı gözləyir. Parklarda uşaqların gülüşü eşidilir, velosipedlər bir-birini ötür, skamyalardakı söhbətlər uzandıqca uzanır.
Gəncəni ilin hər fəslində sevmək olar. Amma yay axşamlarının yeri başqadır. O vaxt ki, çinarların kölgəsi uzanır, samovarın buxarı həyətə yayılır, uzaqdan fəvvarənin səsi gəlir. Bunları heç yerdə yazmırlar. Amma Gəncəni sevən adamın yadında qalan da məhz bunlar olur.
Gəncəni sevdirmək üçün uzun təriflərə ehtiyac yoxdur. Yayın adi bir axşamı bu şəhərin küçələri ilə sakitcə gəzmək kifayətdir. Çinarın altında bir neçə dəqiqə dayanmaq, insanların üzünə baxmaq, fəvvarənin səsini dinləmək…
Onda anlayırsan ki, şəhərlərin böyüklüyü binalarla ölçülmür. Şəhərə can verən onun insanlarıdır.
Gəncə də elə şəhərlərdəndir. Ondan uzaqda olanda darıxdığın, qayıdanda isə özünü yad hiss etmədiyin şəhərlərdən...
Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri