Gənclər Azərbaycanda oxumaq istəmir: Xaricə köçün daha bir sübutu

03.09.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Müsabiqədə iştirak edən 1 457 bakalavrdan 508 nəfəri qəbul olunub, 949 plan yeri isə boş qalıb.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib.

DİM sədri qeyd edib ki, bu il magistraturaya ümumilikdə 13 516 nəfər qəbul olunub. Onlardan 6 579 nəfərin qəbulu dövlət sifarişi əsasında həyata keçirilib.

Bildirək ki, son illər gənclər magistratura təhsilini xaricdə almağa daha çox üstünlük verirlər.

Maraqlıdır, gənclər magistratura təhsili üçün niyə xaricə üz tuturlar?

Təhsil eksperti Elçin Əfəndi “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ali təhsil müəssisələrində magistratura üzrə boş qalan plan yerlərinin çox olması, əsasən, müvafiq müsabiqə şərtlərinin ödənilməməsi ilə bağlıdır.

“O cümlədən, gənclərin bəzilərinin mövcud ixtisaslarda təhsil almaq istəməməsi də buna səbəb olur. Düzdür, həm dövlət hesabına, həm də öz hesabına xaricdə təhsil alan vətəndaşlarımız var.

Onlar da əsasən xaricdə təhsil almağa üstünlük verənlərdir. Çünki son dövrlər xaricdə təhsil alıb qayıdan şəxslər üçün əmək bazarında iş imkanları daha çox olur. Bu baxımdan, xaricdə təhsilə maraq artır.

Burada təhsil sistemində hər hansı problemin olmasından daha çox, əmək bazarının tələblərinə uyğun olaraq xaricdə təhsilə üstünlük verilməsi amili önə çıxır”.

Ekspert qeyd edib ki, yerli ali təhsil müəssisələrində təhsilin keyfiyyəti qarşıdakı dövrdə yüksələrsə və yerli işəgötürənlər ölkədə ali təhsil müəssisələrini bitirən məzunlara daha çox üstünlük verərlərsə, o zaman Azərbaycanda magistratura pilləsində təhsil alan gənclərin sayı da artacaq.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: təhsil Elçin Əfəndi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью