Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Respublika Gənclər Kitabxanasında 22 İyul Milli Mətbuat Günü münasibətilə “Mətbuat həyatın güzgüsüdür”, “Azərbaycan milli mətbuatı: 150 illik maarifçilik və həqiqət yolu” adlı material və ənənəvi kitab sərgisi açılıb.
Süni intellekt texnologiyaları vasitəsilə hazırlanan materialda Azərbaycan milli mətbuatının yaranma və inkişaf mərhələləri təqdim edilir. Ölkəmizdə anadilli mətbuatın təməli olmuş “Əkinçi” qəzetinin yaranma tarixi, inkişafı haqqında geniş məlumat verilir, qəzetin nüsxələrinin təsvirləri nümayiş olunub. XIX əsrin sonu – XX əsrin əvvəllərində nəşr olunmuş və milli ictimai fikrin formalaşmasında mühüm rol oynamış “Molla Nəsrəddin”, “İşıq” jurnalları və “Azərbaycan” qəzeti haqqında materiallar da sərgidə yer alıb.
Təqdimatda 1998-ci ildə ümummilli lider Heydər Əliyevin göstərişi ilə mətbuatda dövlət senzurasının ləğvi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsasının qoyulmasından bəhs edilib. Rəqəmsal materialın mühüm bölmələrindən biri 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın informasiya cəbhəsində qazandığı uğurlara həsr olunub. Material kitabxananın rəsmi saytında yerləşdirilib.
XQ