Gənclər niyə ailə qurmaqdan çəkinir? Sosioloq açıqladı

05.08.2026

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda nikahların sayı azalır.

Bizimyol.info xəbər portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanda 15 min 107 nikah qeydə alınıb. Ötən ilin eyni dövründə bu göstərici 19 min 783 olub.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2-dən 1,9-a enib.

Şəhər və kənd yerləri üzrə qeydə alınan nikahların illər üzrə sayı:

2020-ci il – 45 348

2021-ci il – 73 505

2022-ci il – 61 939

2023-cü il – 54 200

2024-cü il – 49 508

2025-ci il – 48 546

Azərbaycanda nikahların sayının azalmasının arxasında hansı səbəblər dayanır? Gənclər niyə ailə qurmaq istəmir?

Ailə qurmaq onlara niyə çətin gəlir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan sosioloq Mətanət Məmmədova bildirib ki, nikahların azalmasının maddi və mənəvi səbəbləri var: “Nikahların sayının aşağı enməsi nə qədər təəssüfləndirici haldırsa, boşanmaların sayının azalması da o qədər sevindircidir. Ölkədə boşanmaların sayının azalması hər birimizin ən çox istədiyimiz haldır. Nikahların azalmasının başlıca səbəblərindən biri, hər zaman deyirəm, gənclərin bu gün evlənməkdən, ailə qurmaqdan boyun qaçırmasıdır. Bunun da müəyyən səbəbləri var. Mənəvi səbəblər də, maddi səbəblər də var".

Mətanət Məmmədova deyib: “Mənəvi səbəblərə gəlincə, gənclər bu gün qlobal çağırışlara doğru gedirlər. “Dünyanı gəz, kəşf et, istirahət et, karyeranı artır, təhsilini başa vur” kimi fikirlər ön plana çıxır.

Düzdür, təhsil və karyera hər bir gəncin arzusudur. Hər bir valideyn, cəmiyyətimizin nümayəndəsi istəyər ki, savadlı, ziyalı övladlarımız olsun. Ancaq bəzi gənclər qarşılarına məqsəd qoyurlar ki, əvvəlcə dünyanı gəzməli, səyahət etməli, daha sonra ailə qurmalıdırlar. Bu fikirlə mən qətiyyən razı deyiləm. Çünki ailəli olarkən də dünyanı gəzmək, səyahət etmək mümkündür. Hətta uşaqları ilə birlikdə səyahət edən ailələr də var. Karyeranı da müəyyən müddətdən sonra qurmaq və inkişaf etdirmək olar.

Yəni ailə qurmaq bütün bunlar üçün əngəl deyil. Ona görə də düşünürəm ki, gənclər üçün maarifləndirmə işləri daha çox aparılmalıdır - həm ailə daxilində, həm cəmiyyətdə, həm də aidiyyəti qurumlar tərəfindən”.

Mətanət Məmmədovanın sözlərinə görə, ailələrin vaxtında qurulmaması genefonda təsir edir: “Gələcəkdə əhalinin sayının azalmasına səbəb olur. Eyni zamanda cəmiyyətimizdə qocalma prosesi gedir. Bu gün nə qədər uşaq dünyaya gəlirsə, orta yaşlı insanların sayı artır, cəmiyyət qocalan cəmiyyətlərdən ibarət olur. Bütün bunları nəzərə alaraq, bu məsələ hər bir insanı narahat etməlidir. Hər kəs gənclərin vaxtında ailə qurmasına cəhd göstərməlidir.

Bunun maddi səbəbləri də var. Gənclərin ölkədə işlə təmin olunması ilə bağlı çoxsaylı problemlər mövcuddur. Bizim ali təhsilli gənclərimiz kafe və restoranlarda ofisiant kimi işləyirlər. Yeni iş yerləri açılmalıdır. Gənclərin işə qəbulu prosesləri asanlaşdırılmalıdır.

Bütün bunlardan sonra təminatı olan, mənzili və iş yeri olan bir gənc nikaha daxil olmaqdan niyə boyun qaçırsın ki? Yəni onların qarşısında maddi problemlər olmasa, ailə qurmaq üçün maneələr də azalır. Bilirik ki, bu gün ölkədə gənclər üçün əsas problemlərdən biri mənzil problemidir. İşləməyən gənc mənzil şəraitini də təmin edə bilmir. Ona görə də ailə qurmaq istəmirlər”.

Sosioloqun fikrincə, toyun azalmasının səbəblərindın biri Məhərrəmlik ayıdır: “Həm də bu ilki statistikada artıq iki aydır Məhərrəmlik ayıdır. Dini qaydalara əsasən, dinə sitayiş edən insanlar Məhərrəmlik ayı ərzində toy etmirlər. Mən bunu həmin rəqəmlərin aşağı düşməsinin səbəblərindən biri kimi qiymətləndirirəm. Çünki ötən il də, bu il də statistik göstəricilərin azaldığı dövr Məhərrəmlik ayına təsadüf edib”.

Mətanət Məmmədova əlavə edib: “Mən ümidvaram ki, payıza doğru toyların sayı artacaq və statistikamızda nikahların sayında artım müşahidə olunacaq. Boşanmaların sayının aşağı düşməsi təqdirəlayiqdir. Görünür ki, hər birimizin apardığı maarifləndirmə işləri, ictimaiyyətlə söhbətlər öz nəticəsini verir və boşanmaların sayı azalır. Ümid edirəm ki, boşanmaların sayı bundan sonra da daha aşağı düşəcək”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью